Cahan bir qətlgah olmuş,
Aman yoq zülmü vəhşətdən,
Bu insan məzbəhindən kimsə
Çıqmaz,kimsə qurtulmaz.
H.Cavid
Bədbin ruhlu silsilə yazıları bir neçə vaxtdır özümdən kənarlaşdıra bilmirəm. Ardıcıl baş verən amansız ölümlər və mənhus hadisələr pəncəsindən qurtulmaq mümkün deyil. Kəndimizin ziyalıları, respublikada və əyalətdə tanınanlar aramızdan gedir, əbədiyyətə qovuşurlar.
Akif Güləli oğlu Məmmədov kəndimizin ilk dilçi alimi idi. Elm aləmində, xüsusən dilçilik elmləri sahəsində tanınmışdı. Mərhum prof. Əziz Əfəndizadənin davamçısı və bir növ onu əvəz edən, sözünü cəsarətlə deyə bilən, dilçiliyin bəzi nəzəri və praktiki məsələləri barədə təkzibolunmaz və konkret dəlillərlə pedaqoji mətbuatda təkliflərini irəli sürməyə qadir şəxsiyyətlərdən sayılırdı.
Böyük ictimai-siyasi xadim Nəriman Nərimanovun sözləri istər-istəməz yada düşür: “İnsan var ki, ölər, yox olar, onun yoxluğunu ancaq yaxin əqrəbası hiss edər. İnsan var ki, ölər və onun yoxluğu geniş bir məmləkətin insanlarını heyifsiləndirər...”
Akif Məmmədovun yoxluğunu elimiz, obamız və yurddaşlarımız üçün faciə adlandırıram. Onun itkisi təkcə ailəsini deyil, elmi-ictimaiyyəti, işlədiyi universitetin kollektivini, cənub bölgəsində onu taniyan ziyalıları məyus etdi.
Hələ 90-cı ilin əvvəllərində tərtib etdiyi test tapşırıqları elmi-metodoloji normalara cavab verməklə düşündürücü və məntiqə uyğunluq baxımından bütün tələblərlə diqqəti cəlb edirdi. Azərbaycan dili mütəxəssisləri Akif Məmmədovla məsləhətləşir və hesablaşırdılar.
Müxtəlif ünvanlardan tələbələr, aspirantlar, dilçilklə məşğul olanlar ona müraciət edərdilər. Hümanitar fənlərə maraq göstərən abituriyentlərin sevimlisi idi. Yüzlərlə tələbə yetişdirmiş, gənc oğlan və qızların ali məktəblərə hazırlanmasında yaxın köməkçisi olmuşdu.
Akif müəllim yurdsevər, vətəninə, elinə bağlı bir insandı. Doğulduğu torpaq, uşaq və gənclik vaxtlarında gəzib-dolaşdığı yerlər, dərələ-təpələr, kövşənlər, dağ çayı və çəmənlər, meşələr, talalar onun bir an yadından çıxmazdı. Kəndin hər qarışına heyranlıqla tamaşa edir və yeri gələndə yolunu oralara salıb təbiət mənzərələrini fotolentə alar və onları sosial şəbəkələrdə paylaşırdı.
Akif müəllim ötən ildən sosial şəbəkədə yeni bir rubrika açmışdı. “Kəndimiz” rubrikası tezcə məşhurlaşdı, populiyarlıq qazandı. Ətrafına xeyli fəalları, yurddaşları cəmləşdirdi.
“Kəndimiz” Akifsiz sanki yetim qaldı. Ziyalılarımız payız yarpağıtək bir-bir budaqlardan xəzəl olub tökülür. Kəndimizin qocaları tükənibdir.
Yas mərasimində iştirak edirdim. Diqqətimizi çəkən ən çox çiyinlərindən çanta asan məktəblilərdi. Onlar öz məsləhətçiləri, müəllimləri ilə vidalaşmaq, onu son mənzilə yola salmağa gəlmişdilər.
Akif müəllim həm tələbələrin, həm də məktəb şagirdlərinin yaxin dostu idi.
“Kəndimiz” rubrikasında öyrənmək üçün çox şey vardı. Məskunlaşdığımız məkanın yer adlarının mənşəyi, etimologiyası, adların tarixi yaranma şəraiti və mənası, maraq dünyamızdan seçmələr, kəndin ilk ziyalıları,sayılıb-seçilən şəxsləri haqqında məlumatlar bu guşədə geniş yer alırdı.
Burada müxtəlif bilgilər əldə etməklə yanaşı, həm də insanların vətənə, doğulduğu kəndə, ata-baba ocağına, oranın füsünkarlığına, sevgisi, məhəbbəti artır. Eyni zamanda, onomastik informasiyalar alınır, sözlərin ilkin variantları araşdırılıb tapılaraq oxuculara çatdırılır.
Akif müəllim 2016-cı ilin yayında kəndə gələrkən tanış yerlərin həsrətindən duyğulanaraq, maşından düşmüş, uşaqları yola salıb, özü yolu piyada qət etmək qərarına gəlir. Kəndin quzeyindəki gədikləri, dikləri aşır, ətrafı seyr edir, balaca videokamera ilə istədiyi görüntüləri çəkir, sonra ata yurduna qədəm basır.
Yadımdadır, 1969-cu ildə institutun əyani şöbəsini bitirib, kəndimizdə müəllim işləyirdim. Məni qonşu kənddəki orta məktəbin buraxılış imtahanlarının birinə inşa yazı üzrə assisent göndərdilər. Akif Məmmədov o zaman imtahan verirdi. O, hamıdan seçilir və buraxılış imtahanlarında fərqlənirdi.
Bir vaxt instituta müvəffəqiyyətlə imtahan verib filologiya fakultəsinə qəbul olundu. Ali məktəbi fərqlənmə diplomu ilə başa vurdu. Professor Bəşir Əhmədovun rəhbərliyi ilə “Orfoqrafiya təlimində etimoloji təhlildən istifadənin metodları” mövzusunda dissertasiya elmi işini müdafiə etdi, pedaqoji elmləri üzrə fəlsəfə doktoru adını aldı. Bununla da o, kəndimizin ilk alimi oldu. Onun mobil telefonu hər kəsin üzünə açıqdı. İstənilən anda çətinliyə düşənlər zəng edib verdiyi suallara cavab alardılar. Azərbaycan dilinin qrammatikasında mübahisəli məsələlərin həllində, dilçiliyin nəzəri və praktiki qaydalarının izahında Akif müəllim açar rolunun ifadəçisi idi.
Bir müddət “Azərbaycan dilinin tədrisi” (“Azərbaycan məktəbi” jurnalına əlavə) jurnalında əməkdaşlıq edər, “suallara cavablar” bölməsinin icraçısı olar, eyni zamanda həmin dərgidə Azərbaycan dilinin problemləri və tədrisi üzrə elmi məqalələrlə çıxış edər.
O, üç metodik tövsiyənin, əllidən artıq elmi-metodik və publisistik yazının müəllifi idi. Əgər Akif müəllimin səhətində uzun sürən problemlər olmasaydı, şübhə yoxdur ki, elmdə daha çox irəliləyişlərə nail olar və dəyərli, sanballı əsərlər yazardı.
Akif Məmmədov Lerik rayonun Züvüç kəndində dünyaya göz açmış, kəndli ailəsində böyümüş, zəhmətkeş insanların tərbiyəsini almışdı. Ana babası, dayısı kəndin ilk ziyalıları kimi tanınırdı. Kasıbyana həyat tərzi keçirmişdi. Valideynləri əməyin, zəhmətin qədrini bilən şəxslərdi.
Bu ailədə elmə, təhsilə coşqun həvəs yaranmışdı, eyni zamanda irsiyyətin rolu da inkaredilməzdi. Qardaşları ali təhsillidir. Qeyd etdiyim kimi, ziyalılığa meyl işartıları hələ ötən əsrin əvvələrindən başlamış və maariflənməyə olan rəğbət və istək davamlı şəkildə bu ailəyə təsirini göstərə bilmişdi.
Akif müəllimin övladları da ali təhsillidir və onların hər biri öz sahəsində mütəxəssisdir.
Akif Məmmədov bir neçə kitaba redaktorluq etmişdi. Bu sırada mənim "Hərənin öz dünyası var kitabım" da var. Dilçi alim üçün fərq eləməzdi, istər publisistika, istər poeziya olsun, o hər bir sahədə səriştəliklə təshih işi aparar, kitab müəllifini və oxucuları tam razı salardı.
Akif müəllimin filoloq olaraq poeziyaya, şeirə xüsusi həvəsi vardı. Kəndə baş çəkərkən dilçilik məsələləri ilə bağlı mükalimələr aparadıq, keçmiş dilçi alimlərin davamçılarından söz sala, mübahisə doğuran məsələlərə öz münasibətimizi bildirərdik. O, məşhur dilçilərin adlarını çəkər, Bəşir Əhmədov, Qəzənfər Kazımov və Əziz Əfəndizadəyə yüksək qiymət verərdi.
Bir gün yenə kənddə idi. İsti yay günlərinin birində “Niva” maşınında dağ çayının qırağındakı “Havzababa” ocağının qarşısında çəmənlikdə qərar tutub süfrə açdıq. Çayın ətrafındakı mənzərələri, təbiət peyzajını foto-aparatın yaddaşına köçürdü. Çörək kəsdik, keçmişdən-gələcəkdən danışdıq, istirahətdən sonra axşam tərəfi kəndə döndük. Maşının nasazlığından yolun bir qədərini piyada getmək istəyirdik. Arxadan başqa bir maşın gəldi və bizi evə, mənzil başına çatdırdı.
Akif müəllim bizim tədbirlərdə fəal iştirak edərdi. Oğlumun elmi işinin müdafiyəsində, toy mərasimlərində unudulmaz çıxışları, şənliklərdəki yadda qalan hərəkətləri və bir neçə epizodlarla xatirələrimizdə iz qoyubdur.
Akif Məmmədovun uzun illər ailəvi yaşadığı ev Bakı şəhərinin Sabunçu qəsəbəsində yerləşir. Deyirlər, iş yerinə, bazar-dükana gedib-gələndə yolunu həmişə oralardan salarmış. Yolları kəndimizdəki yer adları ilə adlandırıbmış. Yolun birinə “Nilonu təpənin yolu”, digərinə “Gərov yolu” deyərmiş və övladlarına, tanışlarına da beləcə tanıtdırıbmış. Bu bənzətmələr ona görə imiş ki, “Gərov yolu” qayalıq bir cığırdan ibarətdir. Bu yol qısa olsa da, çətin keçilir. “Nilonu təpə”nin yolu rahat avtomobil yoludur. Əlbəttə, bu da onun vətənpərvərliyini, yurdsevərliyini təcəssüm etdirirmiş.
2017-ci il may ayının 17-də Akif müəllimin ad günü idi. Onun 64 yaşı tamamdı. Sosial şəbəkədə təbrik etdim və ulu S.Vurğunun “Al-yaşıl geyinmiş uca dağların, Qartallı qoynundan uzaqlaşmışam”(şeiri qismən təhrif etmişdim və zarafatla təhrif etdiyimə görə böyük şairin ruhundan üzr istəmişdim) O da təşəkkürünü bildirmişdi. Çox təəssüf ki, o vaxtdan az bir müddət keçirdi ki, qəfil ölüm baş verdi.
Sirli-müəmmalı dünyamızdan baş açmaq çətindir. Ancaq məlum bir həqiqət var ki, torpaqdan yaranmışlar tez-gec torpağa qayıdır. Sağlığında elə edəsən ki, “rəhmət oxunsun sənə, dünyada səndən qalan axırda bir ad olar.” Böyük Şəhriyarın bu sözləri hər birimiz üçün həyat dərsidir.
Akif Güləli oğlunun sözü nəydisə, əməli də o idi. Onun adı kəndimizin ilk alimitək yaddaşlarda qalacaq, əməlləri, yazıb-yaratdıqları həyat var olduğu qədər yaşayacaqdır.
Rəzzaq Sucayev, publisist