Qara Qarayev: "Gürcüstandakı oyuna daha ciddi hazırlaşmalıyıq"

11:01 - 12 İyul 2017 - İDMAN

“Qarabağ”ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

 - Böyükhesablı qələbə qazandınız. Oyun barədə nə deyə bilərsən?
- Oyuna yaxşı hazırlaşmışdıq. Yaxşı nəticə qazanmağa çalışırdıq. Nəhayət, istədiyimiz nəticəni əldə edə bildik. Bizi səfərdə çətin oyun gözləyir. Rəqib daha sərt oynayacaq. Düşünürəm ki, ikinci matç bizim üçün daha ağır olacaq.

 - Rəqib ilk dəqiqələrdən kobud oynayır, pressinq edirdi. Onlar bunu sizi təxribata çəkmək üçün edirdi, yoxsa oyun üslubları belədir?
- Yəqin ki, bizi yaxşı analiz etmişdilər. Düşünürəm ki, qollar bizim oyunumuzu daha da yaxşılaşdırdı. Bizdə də çatışmazlıqlar var. Hər qol vurduqda rəqib həvəsdən düşdü, biz daha da həvəsləndik. Bu da bizim daha səviyyəli oynamağımıza və yaxşı nəticə əldə etməyimizə gətirib çıxardı. Rəqibin heyətində xarakterli futbolçular çox idi. Əsas da yarımmüdafiə xəttində yer alanlar qışqırıb-bağırırdılar, məğlub olmaq istəmirdilər. Bu cür oynamaları da xarakterli olmaqlarından irəli gəlirdi. Yəni Gürcüstandakı oyuna daha ciddi hazırlaşmalıyıq.

 - Səncə, yeni transferlər necə təsir bağışladı?
- Onlar komandamıza uyğunlaşıblar. Fikrimcə, növbəti oyunlarda daha yaxşı formada olacaqlar. Yeni transferlərimiz gəldikləri klublarda, oynadığı çempionatlarda öz sözlərini deməyi bacarıblar. Ümid edirik ki, uğurlu karyeralarını “Qarabağ”da da davam etdirəcəklər.

 - Hazırlıq zamanı keçirdiyiniz yoxlama oyunları və nəticələr rəsmi matç öncəsi bir qədər narahatlıq yaratmışdı. Böyükhesablı nəticə qeydə alınsa da, həqiqətən də çatışmazlıqlar az deyildi…
- Sözsüz, oyun planımızda axsamalar var. Bu da komandadakı itkilərlə bağlıdır. Riçardın və Kintananın zədəli olması problemlər yaradır. Yoldaşlıq oyunlarındakı nəticələr haqda danışmaq istəmirəm. Çünki biz əksər vaxtlarda yoldaşlıq oyunlarında uğursuz nəticələr əldə etmişik və bundan sonra oynamağa başlamışıq.

Xəbər xətti