"Könüllü donorlarımızın sayı çox deyil”

15:39 - 23 İyun 2017 - Cəmiyyət

Başqalarının həyatını xilas etmək üçün göstərilən yardımlardan biri də qan donorluğudur. Donorluq öz qanının və ya qan komponentinin könüllü ehtiyacı olan insanlara verilməsidir. Əvvəllər daha çox təmənnalı, yəni pul müqabilində donorluq edənlər çox idisə, hazırda könüllü yardım etmək istəyənlər də var. Respublikamızda könüllü, təmənnasız qan donorluğunun inkişafı üçün bir neçə ildir ciddi iş aparılır. Səhiyyə Nazirliyi tərəfindən il ərzində qrafik tərtib olunur, briqadalar hazırlanıb rayonlara, Bakıdakı müəssisələrə göndərilir. Bəzən isə xəstələrin qohumları da könüllü olaraq donorluq edirlər. Sadəcə olaraq donorların sayını çoxaltmaq üçün mütəmadi iş aparılmalı, donorluq könüllü, təmənnasız və mütəmadi olmalıdır. Çünki qanın müəyyən saxlanma müddəti olduğundan qan ehtiyatları hər zaman yenilənməlidir. Hazırda ölkəmizdə bütün qruplar üzrə qan ehtiyatı kifayət qədər olsa da, insanların hansı qan qrupuna daha çox ehtiyacının olduğunu konkret demək olmaz. 


"Köhnə binada olsa da, normal iş şəraiti yaradılıb"

Qan donorluğunun inkişafı üçün Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı bir sıra işlər görüb. Mərkəzi Qan Bankının region bölmələri müvafiq avadanlıqlarla təmin olunub.  Hazırda Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının 8 regional bölməsi fəaliyyət göstərir. Bu bölmələr Səhiyyə Nazirinin 30 noyabr 2010-cu il 102 nömrəli əmrinə əsasən təşkil olunub.  
Mərkəzi Qan Bankının Bərdə bölməsinin rəhbəri  İbrahim Muradov deyir ki,  rəhbərlik etdiyi bölmənin xidmətlərindən  Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Laçın və Xocavənd rayonlarında qeydiyyatda olan sakinlər yararlana bilərlər: "Əvvəllər fəaliyyət göstərdiyimiz inzibati bina çox kiçik idi və şəraiti də qənaətbəxş deyildi. Hazırda isə köhnə binada olsa da, normal iş şəraiti yaradılıb. Mərkəzi Qan Bankının rəhbərliyinin səyləri nəticəsində həm bizim yerləşdiyimiz otaqlar təmir olunub, həm də müasir avadanlıqlarla təmin edilmişik. 
Bizim xidmət göstərdiyimiz hər bir rayon vaxtlı-vaxtında qanla təmin olunur. Düzdür, Bərdə ilə xidmət göstərdiyimiz Füzuli və Beyləqan rayonları arasında məsafə çox böyükdür.  Bu rayonlar  uzaqda yerləşdiyindən həmin rayonun mərkəzi xəstəxanasında da əlavə qan ehtiyatı saxlanılır.  Orada qanın saxlanılması üçün şərait daha da yaxşılaşdırılması üçün tədbirlər görülür. Müvafiq şərait yaradıldıqdan sonra oraya saxlanılmaq üçün plazma verilməsi də nəzərdə tutulur". 


"Əsas ehtiyatı qan verdiyimiz xəstələrin yaxınları hesabına toplayırıq"

İ.Muradov deyir ki, respublikanın digər ərazilərində olduğu kimi bölmənin xidmət göstərdiyi ərazilərdə də donor sayı elə də çox deyil: "Könüllü donorlarımızın sayı da çox deyil. Biz əsas ehtiyatı qan verdiyimiz xəstələrin yaxınları hesabına toplayırıq. Bu  şəkildə qan toplanması təlabatı ödədiyindən əlavə qan toplanmasına az hallarda ehtiyac olur. Eyni zamanda  aşura mərasimləri zamanı qan toplanılır. Bəzən yeri icra və hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə də qanvermə aksiyaları keçirilir. İllik təxminən 1000-1500 nəfərə qan veririk. Əsasən mənfi rezuslu qana təlabatmız olur.  Bu zaman da könüllü donorlar dəvət edirik. Əgər öz imkanlarımız hesabına təlabatı ödəmək olmursa, qonşu bölmələrdən və ya Mərkəzi Qan Bankından da qan alırıq. Qonşu bölmələrə ehtiyac olduqda biz də qan veririk". 
İ.Muradov deyir ki, ötən ilin aprel hadisəəri zamanı əhalinin qan verməyə hec də biganə olmadığının şahidi olublar: "Həmin günü gecə saatlarından iş başında idik. Ehtiyacı olan bütün şəxslər qanla təmin olundu. Bərdə və ətraf rayonlardan isə yüzlərlə insan qan vermək üçün müraciət etmişdi. Hətta Ağcabədi rayonundan da onlarla insan avtobuslarla qan vermək üçün Bərdəyə gəlmişdi.  Hadisələr zamanı bölmədə kifayət qədər  eritrosit kütləsi vardı. Amma həmin günlərdə o qədər insan qan verməyə gəlirdi ki, biz onların əksəriyyətini geri qaytarırdıq. Biz insanlara həm də çatdırmaq istəyirdik ki, hansısa hadisələr zamanı deyil, daimi olaraq qan vermək vacibdir". 


Bir ildə 59 nəfərdə hepatit B, 40 nəfərdə hepatit C, 25 nəfərdə isə siflis aşkarlanıb

İ.Muradovun sözlərinə görə, hər bir qan donorundan götürülən qan nümunələri  yoxlanılmaq üçün Yevlax rayonuna göndərilir: "Bizim bölmədə laboratoriya olmadığından qan nümunələri yoxlanılmaq üçün Yevlaxdakı HİV Mərkəzinə göndərilir. Orada qan yoxlanıldıqdan sonra cavablarə əldə edirik. Hazırda donordan götürdüyümüz qan Hepatit  B və C, HİV və sifilislə qarşı yoxlanılır. Bu infeksiyalara qanla yoluxma ehtimalı daha çox olduğundan, məhz bunlar yoxlanılır. Bundan sonra plazma və eritrosit kütlə ayrılır və toplanan qanlar sertifikatlaşdırılır. Hazırda qanın plazma və eritrositlərə ayrılması "manual" şəkildə aparılır. Donorun qanında infeksiya aşkarlandıqda bu barədə ona məlumat verilir. İnfeksiyalı qan xüsusi şəraitdə yandırılır. Təmiz olan qan isə sertifikatlaşdırılaraq bölmədə saxlanılır və ehtiyac olan xəstəxanalara verilir. 2016-cı ildə bölmədə 1626 donor qan verib. Onlardan 59 nəfərində hepatit B, 40 nəfərində hepatit C, 25 nəfərində isə siflis aşkarlanıb. Bu ilin ilk 4 ayında isə donorların sayı 596 nəfər olub. Qanı müayinə olunan donorlardan 20 nəfərində hepatit B, 12 nəfərində hepatit C, 10 nəfərində isə siflis aşkarlanıb".
Bölmə rəhbərinin sözlərinə görə, hazırda mütəmadi olaraq gəlib bölmədə qan alan talassemiya xəstələrinin sayı 28 nəfərdir: "Onlar Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonundan olan xəstələrdir. Bir nəfər talassemiya xəstəsi isə Beyləqandandır. Hazırda 7 nəfər də Leykoz xəstəsi var. Onların da əksəriyyəti yaşlı insanlardır. İlkin Leykozun aşkarlanması isə Bakıda müəyyənləşir. Leykozla bağlı müalicəni də Bakıda alırlar. Amma xroniki hal olduqda bizdən qan alırlar". 


Ötən il qanı müayinə edilən 950 cütlükdən 2 nəfərində HİV aşkarlanıb

İ.Muradovun sözlərinə görə, nikahdan öncə müayinə üçün qan götürülməsini hazırda həm Bərdə ASAN xidmət, həm də Mərkəzi Qan Bankının Bərdə bölməsi həyata keçirir: "Götürülən qan nümunələri müayinə üçün Bakıya göndərilir. Qan Bakıda yoxlanıldıqdan sonra bir ay ərzində cavablar bizə göndərilr. Nikaha girən cütlüklərin qanı əsasən HİV və siflisə qarşı müayinə edilir. Eyni zamanda onlarda talassemiya daşıyıcılığı yoxlanılır. Cavablar alındıqdan sonra cütlüklərə müvafiq arayış verilir. 2015-ci ildə 908 cütlük yoxlanılıb və hər hansı xəstəlik aşkarlanmayıb. 2016-cı ildə 950 cütlük müraciət edərək qan verib. Onların 2 nəfərində HİV aşkarlanıb. 2017-ci ilin ötən dövründə isə 201 cütlük yoxlanılıb və 1 nəfərdə siflis aşkarlanıb. Amma qeyd etdiyim kimi, nikaha girən cütlüklər bizdən başqa Bərdə ASAN xidmətdə qan verə bilər. Orada qan verənlərlə bağlı statistika isə bizdə yoxdur. Biz qan nümunələri götürdüyümüz şəxslərdə viris aşkarlanarsa, cütlüklərə bu barədə məlumat verilir və gələcəkdə doğulacaq uşağın da hansı problemlər yaşayacağı başa salınır. Eyni zamanda cütlüklərə talassemiya daşıyıcılığı ilə bağlı da məlumat verilir. Digər ölkələrdə  sağlam şəxsin HİV və ya siflis daşıyıcısı ilə evlənməsinə icazə verilmir. Amma bizdə bu məsələdə qərar vermək çütlüklərin öz üzərinə qoyulur". 
Qan donorları üçün bir sıra güzəştlər mövcuddur

Son illər Azərbaycanda donorluqla bağlı bir çox irəliləyişlər qeyd olunub. Belə ki, əgər əvvəllər insanların bir çoxu qan verməkdə tərəddüd edirdilərsə, indi artıq bu qorxu intensiv maarifləndirmə nəticəsində aradan qalxıb. Nəzərinizə çatdıraq ki, əgər insanlar əvvəllər yalnız öz xəstələrinə köməklik etmək məqsədilə məcburiyyət qarşısında qalaraq qan verirdilərsə, indi təmənnasız qan verənlərin sayı günbəgünə artmaqdadır. Donorlar üçün qanunvericilikdə bir sıra güzəşətlər də nəzərdə tutulur. Yerli icra hakimiyyəti və özünü idarəetmə orqanları öz səlahiyyətləri çərçivəsində donorlar üçün əlavə güzəştlər müəyyən edə bilərlər. “Qan və onun komponentlərinin donorluğu haqqında” qanunun müddəalarında da donorluqla bağlı bütün məsələlər öz əksini tapıb. Donorun hüquqları da qanunla tənzimlənir. Donorun qan və onun komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq, qan verdiyi gün pulsuz yemək və ya yeməyin dəyərini pulla almaq, verdiyi qan və onun komponentləri üçün haqq almaq (pullu donorluq zamanı), donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada almaq kimi hüquqları var. Tələbə donorların təqaüdü 6 ay müddətində 25 faiz artırılır, il ərzində bütün xəstəliklər zamanı əmək qabiliyyətini müvəqqəti itirdikdə iş stajından asılı olmayaraq, tam həcmdə müavinət verilir, il ərzində iş yerindən və ya tədris müəssisəsi tərəfindən müalicə olunmaq üçün güzəştli sanatoriya-kurort müalicəsinə göndərilir.


Xalid VAHİDOĞLU
Yazı  “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Qan xəstəliklərinin səbəbləri, müayinə və müalicə imkanları ilə bağlı maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.

 


Xəbər xətti