Dəyərlərimiz qanun üzərində deyil, qanunlarımız milli mənəvi dəyərlərimiz üzərində qurulub
Bu gün dini inancların təhqir edilməsi, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada İslam əleyhinə kampaniyaların mediada geniş işıqlandırılması əslində Qərb və Şərq sivilizasiyaları arasında uçuruma gətirib çıxarır. Bu onu göstərir ki, bu gün dünyanın düşmənçiliyə deyil, tolerantlığa ehtiyacı var. Unudulmamalıdır ki, tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Ona görə də, düşmənçiliyə deyil, tolerantlığs önəm verilməsi gündəmdə duran əsas məsələdir. Azərbaycanda mövcud olan tolerantlıq dünyanın aparıcı ölkələrinə nümunə ola bilər. Tolerantlıq bizim fərqliliyimiz və zənginliyimizdir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır. Eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Sosial bir hadisə olan tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Bunu Milli Məclisin deputatı Bahar Muradov da çıxışlarında dəfələrlə deyib. Onun sözlərinə görə, Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. "Biz digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırıq. Biz öyrənməyə və öyrətməyə çalışırıq. Biz cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik və bunun üçün əlimizdən nə gəlirsə etməyə çalışırıq".
Bahar Muradova vurğulayıb ki, hazırda Qərbdəki dəyərlərlə mövcud reallıq fərqlənir. Dəyərlərin reallığa çevirməsi sahəsində medianın ciddi fəaliyyətinə ehtiyac var. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli mənəvi dəyərlərimiz üzərində qurulub.
Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanda tarixən mövcud olan dini və milli tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılması tarixi hadisədir. O vurğulayıb ki, Azərbaycanda yaşayan digər xalqlara qarşı hər zaman hörmətlə yanaşılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib, dinlərarası dialoqa önəm verilib. Xüsusilə dinlərarası dialoq həmişə diqqət mərkəzində olub. "Mədəniyyətlərin nüvəsini təşkil edən dinlər universal dəyərlər sisteminin başlanğıc nöqtəsi və ilkin formasıdır. Bu baxımdan dinlər arasındakı dialoqu mədəniyyətlərarası dialoqun ilkin mərhələsi və ya onu şərtləndirən əsas amil və ölçü kimi qəbul etmək olar. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər“.
Azərbaycan regionun və dünyanın bütün ölkələri ilə də məhz bu prinsiplər əsasında əməkdaşlıq edir. "Azərbaycan müstəqilliyini bərpa edəndən sonra həm Qərb və Şərq ölkələri ilə, həm hə qonşu dövlətlərlə sıx siyasi əlaqələr yaradıb. Neft-qaz və nəqliyyat sahəsində bizim transmilli əməkdaşlığımız regionun və Avropanın enerji xəritəsini dəyişib. Biz beynəlxalq terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyaya hərtərəfli kömək etmişik və edirik, Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı missiyalarda iştirak etmişik. Azərbaycan ilə dünyanın digər ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığa dair xeyli nümunə göstərmək olar”.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, bu gün dünyanın dialoqa ehtiyacı var. O deyib: "Beynəlxalq münasibətlərin müasir inkişaf mərhələsi dünyanın geosiyasi mənzərəsini dəyişən mürəkkəb və ziddiyyətli proseslərlə müşahidə olunur. Çoxqütblü sistemin formalaşması meylləri sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərin dərinləşməsinə mühüm təsir göstərən inklüziv dialoqun əhəmiyyətini artırır”.
Ə.Həsənovun sözlərinə görə, müşahidələr göstərir ki, regional və beynəlxalq təhlükəsizliklə bağlı problemlər yalnız hərbi-siyasi xarakterli məsələlərlə məhdudlaşmır, eyni zamanda sosial-iqtisadi və mədəniyyətlərarası münasibətlər sahəsini də əhatə edir: “Humanizm, tolerantlıq, hüququn aliliyi və ümumbəşəri dəyərlərin prioritetliyi kimi prinsiplərə malik olan inklüziv dialoqa dünya ictimaiyyətini narahat edən qlobal problemlərin və münaqişələrin aradan qaldırılması vasitələrindən biri kimi baxılır. Son 25 ilin təcrübəsi göstərir ki, “soyuq müharibə” başa çatdıqdan sonra yeni dünya nizamının tərkib hissəsi kimi meydana gələn qloballaşmanın müsbət cəhətləri ilə yanaşı, sülhün və sabitliyin təmin olunması məsələsinə münasibətdə onun müəyyən çatışmazlıqları da vardır. Qloballaşma bir tərəfdən beynəlxalq inteqrasiya proseslərinə təkan verir, digər tərəfdən isə mədəniyyət və sivilizasiyalararası qarşıdurmaların meydana gəlməsi üçün sanki münbit şərait yaradır. Sözsüz ki, burada mənfi meyillərin qarşısını almağın ən səmərəli yolu dövlətlərarası siyasi, sosial-iqtisadi, elmi və texnoloji sahələrdə qarşılıqlı əlaqələri möhkəmləndirməklə bərabər, inklüziv cəmiyyətin inkişafına nail olmaqdan ibarədir.”.
PA rəsmisi vurğulayıb ki, müxtəlif ölkələrdə millətçilik, separatizm və etnomədəni terrorizm hallarının baş verməsi harada yaşamasından asılı olmayaraq, bütün insanlardan dini inancların və milli mədəniyyətlərin yanaşı mövcud olması perspektivləri haqqında daha dərindən fikirləşməyi tələb edir: “Dünya xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün inklüziv dialoqun vacib olmasına baxmayaraq, təəssüf ki, hazırda onun mahiyyətini obyektiv şəkildə qiymətləndirə bilməyən yanaşmalar da vardır. Onların tərəfdarları hesab edirlər ki, guya inklüziv cəmiyyət və yaxud mədəniyyətlərarası dialoq dövlətin vahid mədəni məkanına, milli identikliyinə xələl gətirən dağıdıcı hadisə və proseslərə rəvac verə, etnik qruplar və miqrantlar isə ictimai-siyasi, kulturoloji problemlər yaratmaqla milli harmoniya və bütövlüyü poza bilər. Lakin danılmaz həqiqətdir ki, bəşəriyyətin mütərəqqi inkişafının əsasında sivilizasiyalararası dialoq dayanır və onun sayəsində dünya mədəniyyəti zənginləşərək bugünkü inkişaf səviyyəsinə çatmışdır. Ona görə də ünvanına tənqidi fikirlər söylənilməsinə baxmayaraq, sivilizasiyalar və mədəniyyətlərarası dialoq müasir dövrdə cəmiyyətin sabit və dayanıqlı inkişafını, dini, etnik və mədəni müxtəlifliyini təmin edən mühüm faktorlardan biri olaraq qalır”.
Deməli, neqativ halların aradan qaldırılması düşmənçliyi deyil, dostluğu, tolerantlığı önə çıxarır. Dialoqu vacib şərt olaraq gündəmə gətirir. Bu baxımdan Azərbaycanın təcrübəsi bir çoxları üçün bir məktəbdir. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan bu gün beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə bütün insan azadlıqları kimi vicdan və etiqad azadlığı da konstitusion təminat altındadır. Bu gün Azərbaycanda bütün konfessiyaların ibadət evləri - məscid, kilsə, sinaqoq və s. azad və dözümlülük şəraitində fəaliyyət göstərir. Bu bir tolerantlıq məktəbidir.