“Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür”. Ucnoqta.az-ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimlərinin başa çatması ilə bağlı keçirilən tədbirdə deyib. Nazir təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətlərini təbrik edib: “Ölkədə ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malikdir və düşmənə layiqli cavab verməyə qadirdir. Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb”.