“Yalan ayaq tutar yeriməz”
Cəmi bir neçə gün öncə ölkə mətbuatı belə bir xəbərlə çalxalandı desək yanılmarıq. “Xaçmaz rayonu ərazisində keyfiyyətsiz ət aşkarlanıb. Bu ətlər “Qafqaz Konserv Zavodu”na aprılırmış”. Sanki bəzi mətbuat orqanlarına elə bu lazım imiş. Axı söhbət hansısa kiçik çaplı emal müəssisəsindən getmirdi. Söhbət Azərbaycan qida sənayesinə öz töhfəsini vermiş, qida sənayesində özünəməxsus önəmli yerə sahib şirkətdən- “Azərsun Holdinq”dən gedirdi. Burada atalar yaxşı deyib bir dəli quyuya daş atdı min ağıllı yığıldı çıxara bilmədi. Və oxusucularını daim sensasiya xəbərləri ilə əldə saxlayan məlum KİV-lər sanki yarışa girdilər. Xəbər dəqiqləşdirilməmiş, müvafiq qurumlardan açıqlama gözləmədən bir nəfərin sözləri ilə qaralama kampaniyası başladı nə başladı.
Elə bu söz söhbətə son qoymaq üçün “Azərsun Holdinq” tərəfindən “Qafqaz” Konserv Zavoduna media tur təşkil olundu. Mətbuat nümayəndələri vasitəsi ilə ictimaiyyətə doğru məlumatların çatdırılması üçün şirkət, istehsal müəssisəsinin qapılarını bir daha jurnalistlərin üzünə açdı. KİV nümayəndələri zavoda daxil olduqda artıq bu məlumatların yalan olduğunu müşahidə etdilər. Yüksək təhlükəsizlik, gigiyenik tələblərə cavab verən geyim formaları, dezinfeksiya, ət məhsullarının, konservlərin saxlanma yerləri və s.
Zavodda tanınmış, öz sahələri üzrə yüksək biliyə malik mütəxəssislər işləyir
İlk öncə zavodun direktoru Rüstəm Rüstəmov KİV nümayəndələrinə müəssisənin 2003-cü ildən fəaliyyət göstərdiyini jurnalistlərin diqqətinə çatdırdı. O, fəaliyyətə ilk olaraq mürəbbə, tomat pastası, kampot, mal əti konservləri ilə başladığını bildirdi. Sonrakı illərdə çeşidlərinin sayının artırıldığını qeyd etdi. “Zavodda tanınmış, öz sahələri üzrə yüksək biliyə malik mütəxəssilər işləyir. Zavod sovet dönəmindən sonra konserv sahəsində Azərbaycanda liderlik edr. Rüstəm Rüstəmov daimi işçi sayının 361 nəfər olduğunu, amma mövsümdən asılı olaraq 1000 nəfərə qədər artdığını bildirdi. Onların orta aylıq əmək haqqı isə 350-400 manat aralığındadır.
“25 ildə qida zəhərlənməsi ilə bağlı heç bir problem olmayıb”
Daha sonra media mənsublarını məlumatlandıran “Azərsun Holdinq”in rəsmisi Afiq Səfərov şirkətin fəaliyyət göstərdiyi 25 il ərzində heç bir məhsulda ərzaq təhlükəsizliyi və gigiyena baxımından problemin yaşanmadığını və bunun keyfiyyətə nəzarət sisteminin hesabına təmin edildiyini qeyd etdi: “Müəssisələrimizdə müxtəlif çeşiddə və ən həssas keyfiyyət və gigiyena qaydalarına riayət olunmaqla ərzaq və qida məhsulları istehsal olunur. Bunların içərisində ən təhlükəli olanı konserv məhsullarıdır ki, burada son dərəcə gigiyena normalarına diqqətlə və həssas yanaşılır. Bunun nəticəsidir ki, 25 ildə qida zəhərlənməsi ilə bağlı heç bir problem olmayıb. Məhsullarımızın yüksək keyfiyyətlə istehsal olunmasına görə biz bu sistemə borcluyuq.
“Bizim üçün məhsulun keyfiyyəti bir nömrəli prioritetdir”
A. Səfərov jurnalistlərlə söhbətində onu da qeyd etdi ki, bu müəssisədə məhsulun keyfiyyətinə nəzarət “Qafqaz” konserv zavodu ilə paralel, Mərkəzi Ofisdə yerləşən prosesə və keyfiyyətə nəzarət direktorluğu tərəfindən həyata keçirilir:
“Burada prosesə nəzarət və keyfiyyətə nəzarət direktorluğunun nümayəndələri zavod rəhbərliyinə tabe deyil. Onlar birbaşa mərkəzi direktorluğa tabedir. Bu direktorluq nə qədər qüsur tutarsa, bir o qədər gəlirləri artır. Sırf bu cür idarəetmənin nəticəsində maraqların toqquşması keyfiyyət amilini meydana çıxarır. Bizim üçün məhsulun keyfiyyəti bir nömrəli prioritetdir. Prosesə nəzarət və keyfiyyətə nəzarət direktorluğunun anbara daxil olmasına icazə verdiyi məhsulda sonradan karantin dövründə problem çıxarsa, bu dəfə onlar məsuliyyət daşıyırlar. Bax bu cür, dəfələrlə yoxlama sistemi nəticəsində keyfiyyət amili tam şəkildə əhatə oluna bilir”.
“Bizim xalqımız qarşısında üzümüz ağ, alnımız açıqdır
“Müvafiq qurumların möhürü ilə möhürlənmiş ət məhsulları əvvəllər zavoda zavoda təklif olunub. Lakin laboratoriyamız üzərində möhür olmasına baxmayaraq bizim keyfiyyətlərə cavab vermədiyinə görə həmin məhsulu kənarlaşdırıb.
Ət konservlərinin hazırlanması barədə ətraflı məlumat verən A. Səfərov, “Qafqaz” konserv zavodunun son 8 ildə yerli istehsalçılardan ət qəbul etmədiyini bildirib: “25 ildir Azərsun Holdinq şikayət mədəniyyətinin aşılanmasının təbliği istiqamətində yorulmadan çalışır. 120 nömrəli müştəri xidmətlərimiz davamlı xidmət göstərir. İstehlakçılarımızdan daim gördükləri çatışmamazlıqların bizə bildirmələrini istəyirik. Amma bəzi media sensasiya xatirinə, ip sayını artırmaq üçün şirkətin adını neqativ məsələlərdə hallandırırlar”.
Media mənsublarını konserv məhsullarının istehsalı prosesi ilə məlumatlandıran Afiq Səfərov: “Bizim xalqımız qarşısında üzümüz ağ, alnımız açıqdır. Biz öz süfrəmizdə yemədiyimiz məhsulu xalqımıza təklif etmirik”-deyə əlavə etdi. Holdinq rəsmisi “Məhsulumuz şirkətin qurucusu hörmətli Abdolbari bəyin dediyi kimi -“Bizim istehsal etdiyimiz məhsul, bizim namusumuz, şərəfimiz qədər bizim üçün müqəddəsdir”-deyimini də jurnalistlərin diqqətinə çatdırdı.
O, ölkədə mal əti ehtiyatının o qədər də böyük olmadığını və hər ay daxili bazardan əlli ton ətin qəbul olunacağı halda, ölkədə ətin qiymətinin sürətlə qalxacağını söyləyib. Məhz buna görə də, yalnız xarici bazarlardan və yalnız halal sertifikatlı məhsullar qəbul olunur. Jurnalistlərə bildirilib ki, konserv məhsulları yalnız xaricdən gətrilən və “Azərsun”a məxsus fermalarda bəslənən mal-qaranın ətindən hazırlanır. Buna görə, sözügedən məsələ ilə bağlı, "Azərsun Holdinq" hər hansı iradı qəbul etmir.
Hansısa mərhələdə problem yaranarsa istehsal dayandırılır
Zavod və hazırlanan məhsullar haqda məlumat verildikdən sonra gigiyenik qaydalara riayət edilərək jurnalistlər ətlərin saxlanıldığı soyuducu depolara dəvət olunublar. Burada jurnalistlərin suallarını “Qafqaz” konserv zavodunun proses və keyfiyyətə nəzarət üzrə baş inspektoru Anar Qədirov cavablandırıb və konserv məhsullarının istehsalı zamanı istifadə olunan ətin zavoda dondurulmuş şəkildə xaricdən gəldiyini qeyd edib:
“Həmin ət burada soyuq depolarda saxlanılır və müasir avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanılır. İstehsal zamanı həmin depolardakı əti mərhələlərdən keçirərək qablaşdırıb mal əti konservinin istehsalını həyata keçiririk. Xammalın qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhlələrdə keyfiyyətə nəzarət bölməsi tərəfindən yoxlamalar aparılır. Hansısa mərhədə problem yaranarsa istehsalı dayandırırıq. 4 otaqlı laboratoriyada həm fiziki, həm kimyəvi mikrobioloji analizlər aparılır. zavoda daxil olan xammaldan nümunə götürülür və laboratoriyada analiz edilir. Yalnız bundan sonra həmin xammal istehsala buraxılır.“
Zavodda istehsal olunan bütün ətlər halaldır
Jurnalistlər anbarlarda halal ətlərin və bütün keyfiyyət, halallıq sertifikatlarının şahidi oldular.Laboratoriyanın müasir avadanlıqlarla təchiz edildiyini bildirən Anar Qədirov KİV nümayəndələrinə istehsal müəssisəsinin 2005-ci ildən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistemi, 2008-ci ildən ISO 22000 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi və 2013-cü ildən BRC Beynəlxalq sertifikatlarına malik olduğunu söyləyib.
Media tur çərçivəsində jurnalistlər istehsal prosesini izləməklə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı və qablaşdırılması prosesini izləyib, müasir texnoloji avadanlıqlar, laborotoriya ilə yaxından tanış oldular. Media turun nəticəsi olaraq keyfiyyətsiz ət qəbulu ilə bağlı Qafqaz Konserv Zavodu barədə yayılan məlumatların şayiə, iftira və müəssisədə çalışan yüzlərlə yerli sakininin əməyinə qarşı hörmətsizlik olduğu isbat olundu.
Emin