Gündüz İsmayılov: "Bizim hədəfimiz isə digərləri ilə, yəni radikallarla, qeyri-ənənəvi cərəyanlarla mübarizədir"
"Tolerantlıq bizim milli-mənəvi dəyərimizdir. Azərbaycan xalqının genetik yaddaşına hopmuş bir dəyərdir". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, Azərbaycanda dindarlıq əsasən ənənəvi İslamın hesabına artır. "Bu, normal bir haldır. Bu, radikal, qeyri-ənənəvi dindarlıq deyil. Bu dindarlıq Azərbaycan xalqının İslama baxışına uyğundur. Bizim hədəfimiz isə digərləri ilə, yəni radikallarla, qeyri-ənənəvi cərəyanlarla mübarizədir. Məqsədimiz odur ki, dindarlığın artım faizi içində zərrə qədər də radikallığa, qeyri-ənənəvi cərəyanlara qoşulma olmasın… Əgər dindarlığın içində radikalizm elementləri varsa, yaxud dindarlıq qeyri-ənənəvi təriqətlərin, dini cərəyanların hesabına artarsa, bu, artıq problemdir. Yoxsa dindarlığın artması problem deyil".
Gündüz İsmayılov deyib ki, təəssüf ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimliyimizi dini kimliyimizə qarşı qoyurlar. "Digər problem odur ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində radikallıq meylləri yaranır. Dindən sui-istifadə cəhdləri var. Dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, müxtəlif dinlərin daxilində ayrı-ayrı cərəyanlar meydana gəlib, xüsusən İslam dini daxilində bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb”.
Onun sözlərinə görə, xurafat prinsipindən yanaşılan məsələlərdən biri də məzhəbçilik olmalıdır. "Əslində, xurafatçılığın, məzhəbçiliyin, dünyəvi təhsilə qarşı təhdidlərin arxasında istənilən halda kənar qüvvələr var". O qeyd edib ki, məişət mövzusunda olan xurafat əksər hallarda dini radikalizmin başlanğıc nöqtəsini təşkil edir: "Açıq deyək ki, bizdə məişət mütəvisində xurafat elementləri daha çoxdur. Son nəticədə radikal dini cərəyanlar təbliğatlarını qurarkən bu, onların işinə yarayır. Necə yarayır? Məsələn, radikal dini cərəyan üzvü "Quran"dan çıxış edir, sitatlar gətirir. Yaxud da hansısa böyük islam ədəbiyyatlarına istinad edir. Hər hansı yaşayış məntəqəsində, kənddə mərasimlərdə din adından danışan həmin "din" adamının çıxışlarında xurafat elementləri kifayət qədərdir. Onun dedikləri din üzərində dayansa da, təhrif olunur, mətnlər konteksdən çıxarılır. Bu, nəticədə xurafatın yarandığı, xurafat elementlərinin çox olduğu kəndlərdə, yaşayış yerlərində istər-istəməz dini radikalizmin toxumlarının səpilməsinə imkan yaradır".
Gündüz İsmayılov qeyd edib ki, milli-mənəvi dəyərlər geniş anlayış olaraq bütün sahələri əhatə etməklə bərabər, islami dəyərlərimizi də özündə ehtiva edir. İslami dəyərlər isə olduğu kimi qorunmalı, öyrədilməli, gənc nəslə çatdırılmalıdır. Əgər kimsə din adı altında öz məqsədinə çatmaq üçün İslamdan istifadə etmək istəyirsə, onun qarşısında durmaq lazımdır. İslami dəyərlər insanlığa xidmət edən dəyərlərdir. Lakin bu dəyərlərdən siyasi, iqtisadi maraqlar üçün istifadə həmin dəyərlərdən uzaqlaşmaq deməkdir. Ona görə də Azərbaycanda islami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrılıb. Proqram var və bu proqrama uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə fəaliyyət göstəririk. Bu istiqamətdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bütün bu işlər milli-mənəvi dəyərlərin qorunması istiqamətində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi konseptual yolun icrası üçün çox böyük rol oynayır. Cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır. Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunması önəmli yerlərdən birini tutur. Bu dəyərləri qorumaq üçün təbii ki, dini maarifləndirməyə də xüsusi diqqət yetirməliyik. "Dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruridir",- o deyib.
Onun sözlərinə görə, dırnaqarası dindarlaşma prosesinin gətirdiyi problemlərdən biri də ondan ibarətdir ki, ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranır, bəzən qadın hüquqlarına qarşı çıxışlar olur. G.İsmayılov deyib ki, buna qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək, ailə münasibətlərində qadın hüquqları kimi hüquqları daxildir. Komitə rəsmisi qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdə yaşadığından bütün problemlər hüquqi müstəvidə həll edilməlidir. Amma bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır.
Komitə rəsmisi qeyd edib ki, dindən qaynaqlanan bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər. Maarifləndirmə işində adət-ənənələrimiz də daim diqqət mərkəzində olmalıdır. Bu gün adət-ənənələrimizin hamısı dindən qaynaqlanmır: "Bu gün adət-ənənələrimizdə dindən gələn məsələlər rol oynayır. Amma məsələ ondadır ki, adət-ənənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem islamda deyil. Səhv anlayışlar bizə səhv islam adı altında gətirilir, biz buna qeyri-ənənəvi islam da deyirik. Biz sağlam islamı təbliğ etməklə radikalizmi, ailə dəyərlərinin aradan götürülməsinə qarşı da mübarizə aparırıq".
DQİDK-nin sədr müavini Gündüz İsmayılov gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayaraq, bu istiqamətdə ardıcıl işlərin həyata keçirilməsindən danışıb: "Milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılması zəruridir. Bu, həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından əhəmiyyətldir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə hesab edir ki, dindən qaynaqlanan bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər. Komitə sədri bildirib ki, bu mübarizəyə böyük ehtiyac var: “Xurafat bu gün də mövcuddur. Cahillik də mövcuddur. Dini xurafatdan da sui-istifadə edirlər. Dini xurafatla dini radikalizm 1 medalın 2 üzüdür. Bunların hər ikisinə qarşı mübarizə getməlidir və burada medianın özünəməxsus yeri və rolu var”. Onun sözlərinə görə, Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir." Bu gün Azərbaycan çoxkonfessiyalı ölkədir. Azərbaycanda ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Azərbaycanda bizim qarşımızda iki mühüm vəzifə dayanıb. Birincisi, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq, ikincisi, dini xurafata qarşı mübarizə aparmaq. Dini xurafata qarşı tarixən bizim klassiklərimiz öz əsərlərində mübarizə aparıblar. Jurnalistlərimiz müxtəlif səviyyələrdə tədqiqat işləri aparıblar”.
Uşaqların və gənclərin milli mənəvi dəyərlər ruhunda tərbiyə olunması önəmli olduğunu vurğulayan Mübariz Qurbanlı bildirib ki, rəhbərlik etdiyi qurum və Təhsil Nazirliyi "Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" Fəaliyyət Planı həyata keçirir. Onun sözlərinə görə, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi uşaqların və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacaq.