Dözümlülük, qarşılıqlı anlaşma bizim əxlaqi dəyərlərimizdir

18:02 - 26 May 2017 - KİVDF

Tarixən ölkəmizdə İslam dini ilə yanaşı, xristianlıq, iudaizm və başqa dinlərə mənsub insanlar məskunlaşıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qanunsuz Quran kursları ilə bağlı xəbərdarlıq edib. M.Qurbanlı bildirib ki, dövlət Quran kurslarının olmasına etiraz etmir: “Lakin Quran kursları yalnız məscidlər daxilində olmalıdır və Qafqaz Müsəlmanları İdarəsindən rəsmi icazə alınmalıdır. Evlərdə Quran kursları təşkil etmək olmaz”. M.Qurbanlı qeyd edib ki, QMİ-dən icazəsiz Quran kursları açan insanlar qanunla üz-üzə qalacaqlar: “Quran kursu adı altında heç bir səlahiyyəti olmayan adam gəncləri hansısa radikal qrupa yönəldə bilər. Bu baxımdan rəsmi icazə olmadan Quran kursu təşkil etmək qətiyyən yolverilməzdir”.

Dövlət komitəsinin sədri dövlət-din məsələlərinə də toxunub və bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinə xüsusi əhəmiyyət verilir: “Sovetlər dönəmində bütün basqılara baxmayaraq Azərbaycan xalqı öz dinini qoruyub saxlaya bildi. Müstəqilliq qazandıqdan sonra Azərbaycanda dövlət-din münasibətlərinin özünə xas modeli formalaşdı. Hazırda dövlət-din münasibətləri bu model üzrə inkişaf etməkdədir”. Onun sözlərinə görə, Azərbaycanın dövlət-din münasibətləri modeli dünyaya nümunədir. M.Qurbanlı qeyd edib ki, post-sovet məkanında ilk dəfə olaraq Azərbaycanda Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi yaradılıb: “İlk dəfə bu səpkidə komitə Azərbaycanda yaradılıb. Sonradan başqa ölkələrdə buna bənzər qurumlar yaradılıb”. 

Onun sözlərinə görə, Azərbaycanda dindarların ehtiyacına uyğun olaraq məscidlər mütəmadi inşa edilir: "Məscidlərin tikilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Ölkədə 2 166 məscid var və bu ibadət ocaqlarının ümumi tutumu təxminən yarım milyon civarındadır. Azərbaycandakı ümumi dindarlığın sayı isə bu rəqəmin yarısından da azdır.
Mübariz Qurbanlı bildirib ki, eyni zamanda ölkədə kilsələr, sinaqoqlar fəaliyyət göstərir. "Azərbaycan xalqı həmişə bölgədə dostluğun, qardaşlığın möhkəmləndirilməsinə, insanlar arasında milli-dini mənsubiyyətindən asılı olmayaraq sülh və əmin-amanlıq şəraitinin yaradılmasına misilsiz tarixi töhfələr verib. Başqa dinlərə münasibətdə dözümlülük, onlarla yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq bizim milli əxlaqi dəyərlərimizin əsas xüsusiyyətlərindəndir. Bu baxımdan tarixən ölkəmizdə İslam dini ilə yanaşı, Xristianlıq, İudaizm və başqa dinlərə mənsub insanlar da məskunlaşıb, sülh və əmin-amanlıq şəraitində yaşayıb və indi də bu ənənə uğurla davam etdirilir. Bu səbəbdən də ölkədə sabitliyin qorunmasına dini vəziyyət çox böyük kömək göstərir".  
Komitə sədri deyib: "Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq, dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir.  Onun sözlərinə görə, həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. "Xüsusilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Digər tərəfdən, mədəni irsimizin qorunmasına, tarixi abidələrimizin bərpasına böyük önəm verən, beynəlxalq aləmdə milli, dini dəyərlərimizin təbliği sahəsində məqsədyönlü işlər görən, Azərbaycan mesenatlığının dirçəldilməsində layiqli nümunə göstərən ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizdə dinə olan dövlət qayğısının əyani təzahürüdür. Beləliklə, deyə bilərik ki, ölkəmizdə dövlət-din münasibətlərinin əsasında iki fundamental baza durur: milli-mənəvi dəyərlər kompleksi və qanunvericilik bazası. Bu sahədə qanunvericiliyimizin əsasını ölkə Konstitusiyası və “Dini etiqad azadlığı haqqında” Qanun təşkil edir"
Dövlət komitəsinin sədri vurğulayıb ki, bəzi qüvvələr Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışır. "Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə, onu dəyişdirməyə çalışan qüvvələr var. Bizim tarixən formalaşmış dövlət-din modelimizin əsaslarını çökdürməyə çalışırlar. Azərbaycanın dövlət-din modelinin dəyişdirilməsinə cəhdlər radikal qruplara qarşı birgə mübarizəni zəruri edir. Çünki bizim tarixən formalaşmış modeli çökdürmək bizim dini ənənələrimizi məhv etmək deməkdir. Ona görə də hər kəs bu cür cəhdlərə qarşı mübarizə aparmalıdır”.
Mübariz Qurbanlı deyib ki, son dövrlərdə xaricdə olan qeyri-qanuni silahlı dəstələrə Azərbaycandan qoşulan insanlar barədə bizim tərəfimizdən məlumat qeydə alınmayıb. Bu istiqamətdə ideoloji qurumların, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və bu sahəyə aid qurumların apardığı təbliğat-təşviqat işi, həmçinin hüquq-mühafizə orqanlarının profilaktik tədbirləri, medianın yaydığı izahatedici məlumatlar öz təsirini göstərib və qeyri-qanuni silahlə dəstələrə qoşulanlar yoxdur. "Qanunvericiliyə də bununla bağlı əlavə və dəyişikliklər oldu. Bütün bunların nəticəsində son dövrlərdə qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar olmayıb. Qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün təbliğat aparan, vasitəçilik edən adamlar da tədricən sıradan çıxıb və yaxud da kənara çəkiliblər. Həmçinin, Azərbaycan ictimaiyyəti də bu məsələdə öz sözünü deyib”. Bundan başqa, "Dini ekstremizm haqqında" qanuna və referendumla Konstitusiyaya edilən dəyişikliklərə əsasən, Azərbaycandan kənarda qeyri-qanuni silahlı birləşmələrdə, terror qruplarında iştirak edən şəxslərin ölkəyə girişi qadağan edilib. Bu baxımdan kənar müdaxilələrin dəf edilməsində və cəmiyyətin dini səviyyəsinin yüksəldilməsində dini icma rəhbərləri öz səlahiyyətləri çərçivəsində daha fəal və maarifçi mövqe nümayiş etdirməlidirlər: “Başqa ölkələrin dövlət-din münasibətləri modeli Azərbaycana idxal edilə bilməz. Belə mənfi meyllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Azərbaycan dövləti üçün hansısa məzhəb və təriqət yox, bütöv İslam və bu dinin yüksək dəyərləri var. Həmin dəyərlərin qorunmasında dini icmalar dövlətə və cəmiyyətə yaxından kömək göstərməlidirlər”. 
O deyib ki, bu gün Azərbaycan dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğu Cənubi Qafqaz ölkəsidir. Nəinki Cənubi Qafqazda, əminliklə demək olar ki, bütün Yaxın və Orta Şərqdə ölkəmiz İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin olduğu mükəmməl nümunələrdən biridir. İslam ölkələri islamofobiyaya qarşı mübarizədə bir olaraq ideoloji cəbhədə mübarizələrini gücləndirməlidirlər. O bildirib ki, islamofobiya ilə bağlı məsələlər Avropada daha qabarıq şəkildə özünü göstərir: "Çox təəssüf ki, bəziləri islam haqqında müxtəlif mənfi rəylər formalaşdıraraq, guya onun dünya üçün təhlükəli olduğunu bildirərək terrorla eyniləşdirirlər". Dünyada İslam həmrəyliyinin olmasını olduqca vacib sayan komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2017-ci ilin "İslam həmrəyliyi" elan edilməsi dünyaya bir mesajdır. 
Komitə sədri bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır, ancaq vətəndaş dövlətdən ayrı deyil. Azərbaycan dövləti bununla həm vicdan azadlığını təmin edir, həm də öz vətəndaşlarının asayişini və hüquqlarını qoruyur. Eyni zamanda, Azərbaycan dövləti və cəmiyyəti onun dini sabitliyinə zərbə vura biləcək yad təsirlərə qarşı barışmaz mövqe tutur. 

Xəbər xətti