May ayı nübarlıq meyvə-tərəvəzin bazara çıxarıldığı aydır. Belə ki, gözümüz yavaş-yavaş yeknəsəklikdən xilas olaraq piştaxtalarda təkcə kartof, soğan, çuğundur, kök, kələm görmür. Eyni zamanda çeşidbəçeşid meyvə-tərəvəzlər göz oxşayır. Bəs mövsümi məhsullar cibimizə uyğundurmu? Bazarda olub qiymətlərlə maraqlandıq.
Bu il çiyələk ucuzdur
Azərbaycanda ilk dəfə çiyələk mövzümə ucuz başlayıb. Adətən may ayının əvvəlində 5-6 manat təşkil edən çiyələk bu il 1,5 manat, hətta 1 manatdır. Nəzərə alsaq ki, çiyələk iyun ayının sonuna qədər bazarda qalır, o halda istisna deyil ki, elmi adı fragaria olan bu meyvə 1 manata qədər ucuzlaşacaq. Çiyələyin qiymətinin digər mövsümi məhsullarla müqayisədə ucuz olmasının səbəbini "Yasamal" bazarındakı satıcılardan öyrənməyə çalışdıq. Bildirdilər ki, may ayının əvvəlində 3 manata olan çiyələyin qiyməti artıq 1,5 manatdır: "Bazarda heç bu qədər bolluq olmamışdı. Bu il çox məhsul əkilib. İstixanaların demək olar ki, yarısından çoxunda çiyələk yetişdirilib".
Məlum oldu ki, bazara təkcə Quba, Xaçmaz, Qusardan deyil, Tərtər, Cəlilabad, Samux rayonundan da çiyələk gətirilib.
Banan və süd bahalaşıb
Mövsümdə ucuzlaşan ancaq çiyələkdir. Digə meyvə-tərəvəz məhsulları əvvəlki illərdə olduğu kimi öz dəyərini qoruyub saxlayıblar. Qiymətlər bazar və marketlərdə aşağıdakı kimidir:
Məhsulun adı |
Bazar (manat) |
Marketlər (manat) |
Təzə kartof |
1,90 |
2 |
Badımcan |
2.50 |
3 |
Pomidor |
2 |
3.50-4.20 |
Xiyar |
1.70 |
2 |
Lobya |
3 |
4 |
Alça |
1.30 |
2 |
Göyçə |
5 |
7 |
Alma |
1.90 |
2-2.50 |
Şirin bibər(ədəd) |
0.35 |
0.40 |
Üzüm yarpağı |
2.60 |
3.50 |
Ərik |
6 |
7 |
Çiyələk |
1 |
3 |
Göbələk |
3 |
3.50 |
Qış aylarında 0,30 manat olan yumurta isə 0,20 manat, təbii süd 1,30 manatdır. Satıcıların sözlərinə görə, süd 30 qəpik bahalaşıb. Səbəb də otun qiymətinin qalxmasıdır.
Yeri gəlmişkən, qiymət artımı təkcə süddə deyil, qış meyvəsi hesab edilən banan da baş verib. Hazırda 1 kiloqram banan 3 manatdır.
Fermerlər sevinir
Yayda meyvə-tərəvəzlə bağlı bizi nə gözlədiyini bir də fermerlərin dilindən eşitmək istədik. Samux rayonunda meyvə əkini ilə məşğul olan Anar adlı fermer bildirdi ki, artıq iki ildir pomidor və çiyələk yetişdirirlər. Ötən il məhsulu ancaq Rusiya bazarına göndərsələr də, bu il daxili bazara da çox məhsul verə biliblər: "Bu il çiyələk əkənlər çox olub. Çiyələk elə meyvədir ki, birinci dəfə əkilən bitkidən 3 il ardıcıl məhsul götürmək mükündür. Bu da xərcləri azaltdığından fermerlər çiyələk yetişdirilməsinə daha çox üstünlük verirlər".
Gilas və ərik bol olmayacaq
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirir ki, çiyələyin qiymətində olan ucuzluğu bu mövsüm ərik, gilas, gilənarda görməyəcəyik. Çünki həmin meyvələr üzrə məhsuldarlıq elə də yüksək deyil: "Son illər fermerlər çiyələk əkininə üstünlük verdiklərindən ərik, gilanar kimi meyvələrin yetişdirilməsi diqqətdən kənarda qalıb. Yəni vaxtı-vaxtında bu bitkilərlə bağlı aqrotexniki qaydalara uyğun olaraq xəstəliklər və zərərvericilərə qarşı profilaktik tədbirlər reallaşdırılmayıb. Budama aparılmayıb və ağacların formalaşması həyata keçirilməyib".
Məhsul istehsalı artıb
Bu arada ilin birinci rübündə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 744 milyon manat olub. Bunun 17,4 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Rəqəmlərin təhlili göstərir ki, ötən ilin birinci rübünə nisbətdə bitkiçilik məhsullarının istehsalı 24,6 faiz artıb. Təsərrüfatlarda 22,7 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 50 faiz çox tərəvəz məhsulları istehsal edilib. Kənd təsərrüfatı nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bildirdi ki, məhsuldarlığın nə qədərinin pomidor, xiyar, badımcan, çiyələk, gilas, ərik üzrə olduğu hələlik məlum deyil: "Hazırda yığım prosesi gedir. Lakin bazarda görünən odur ki, bu il məhsul bol olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin güzəşt faizinin artırılması öz bəhrəsini göstərir. Belə ki, gübrələr 5 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına 70 faiz güzəştlə satılır. Ümumiyyətlə hazırda kənd təsərrüfatına maraq böyükdür. Çünki burada geniş ixrac imkanları da var. Digər tərəfdən bazarda tələbat çoxdur. Bu səbəbdən istehsalçıların sayı ildən-ilə artır".
İ.Cümşüdov bununla belə kənd təsərrüfatında iqlim şəraitinin mühüm rol oynadığını vurğuladı: "Nə qədər məhsul toplandığı, bu ilin məhsuldar olub-olmaması mövsüm bitəndə məlum olacaq".
Ölkəyə gətirilən meyvənin statistik dəyəri qalxıb
Onu da qeyd edək ki, 2017-ci ilin dörd ayında ölkəyə 141,554.81 ton, yəni 56,480.15 min dollar dəyərində meyvə-tərəvəz idxal edilib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi 15 faiz azalıb. Statistik dəyər isə cəmi 2,72 faiz düşüb. Bu da o deməkdir ki, ölkəyə idxal edilən meyvə-tərəvəzin dəyəri bahalaşıb.
İxraca gəldikdə, 85,736.11 ton (87,290.94 min dollar) meyvə-tərəvəz ixrac olunub. Bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə ixracın həcminin 61 faiz, statistik dəyərin isə 26,70 faiz artması deməkdir. Milli.Az