Qeyri-qohumlardan da sümük iliyi transplantasiyası həyata keçirilə bilər

16:19 - 15 May 2017 - Cəmiyyət

Ceyhun Məmmədov: " Azərbaycanda 2014-cü ildən indiyədək 51 xəstəyə sümük iliyi transplantasiyası həyata keçirilib"


İnsanlar yaşından, cinsindən irqindən asılı olmayaraq anadan onkogenlə doğulur. Yəni şiş hüceyrəsi yaradan geni bütün ömrü boyu daşıyır. Normal halda orqanizim müxtəlif təsir mexanizmlərindən istifadə edərək bu genin aktivləşməsinin qarşısını alır. Bəzən bir çox amillərin təsiri nəticəsində gen aktivləşir, leykoz xəstəliyinin yaranmasına səbəb olur. Ümumdünya statistikasına görə hər 100.000 insandan 13- ü leykoz xəstəliyinə tutulur. Xəstəliyə müxtəlif yaş qruplarında rast gəlinir. Məsələn: kəskin limfoblast leykozlar uşaqlar arasında 70 – 80 faiz rast gəldiyi halda xroniki mieloblast leykoz əksinə, böyüklər arasında daha çox rast gəlinir. Odur ki, rastgəlmə tezliyi demək olar ki, bütün yaşlar üçün eynidir. Leykoz polietioloji bir xəstəlikdir. İrsi amillər, toksiki medikamentoz amillər, xromosom zədələnmələri, radiasiya, şüalanma, stress, qorxu, müəyyən konsaragen məhsullardır. Ionlaşdırılmış radiasiya xromosomlara təsir edərək onları zədələyir.
Qeyd edək ki, leykoz bəd xassəli şişlər kimi metastaz yolu ilə çoxalır. Leykoz hüceyrələrinin metastazı ancaq qanyaradan üzvlərə olur. Bir hüceyrədən törənən leykoz hüceyrəsi inkişaf edərək sümük iliyini doldurur və sonradan mezenxima toxumalarına (dalaq, qaraciyər, limfa düyünlərinə ) metastaz verir. Bu sistem xəstəliyi deyil. Bu bir yerdə - yəni sümük iliyində bəd xassəli metastazla başlanır. Xəstəlik sümük iliyinin normal toxumasının şiş infiltrasiyası, normal qanyaranmanın pozulması və eləcə də bu xəstəlik nəticəsində meydana çıxan şiş infiltrasiyasının digər orqanları zədələməsi ilə səciyyələnir. Sümük iliyində bu gün əmələ gələn qanın formalı elementləri ən tezi iki həftədən sonra periferik qana keçirlər. Bir dəqiqə ərzində orqanizmdə 30 milyondan yuxarı qanın formalı elementi əmələ gəlir. Əgər bu gün on dənə əmələ gəlmiş, mutasiyaya uğramış bəd xassəli şiş hüceyrəsi varsa, o bir həftə ərzində ədədi yox, həndəsi silsi-lə ilə artır. Həmin hüceyrələr bir həftədən sonra təxminən 100 - ə bərabər olur. Əgər bir həftə də gözləsək onların miqdarı 10 minə çatır. III həftədə isə həmin hüceyrələrin miqdarı 10 milyonlara çata bilər. Leykoz hüceyrələrinin sümük iliyində çoxalması nəticəsində normal hüceyrələr sıradan çıxır. Nəticədə anemiya əmələ gəlir. Blast hüceyrələr 1 milyondan çoxdursa, klinik əlamətlər yaranır. Normal leykositlərin azalması ( yaxud olmaması ) bədənin müqavimətini aşağı salır. Müxtəlif infeksiyalar meydana çıxır. Trombositlərin azalması nəticəsində qanaxmalar baş verir. Bu xüsusiyyətlər leykozun bütün formalarında müşahidə olunur. Bir sözlə leykoz qanyaradıcı toxumanın bəd xassəli şiş xəstəliyidir. 
Ötən əsrin ikinci yarısına qədər leykoz diaqnozu qoyulan xəstə ölümə məhkum sayılırdı. Bu, həm həkimlər, həm də xəstələr arasında aksiom kimi qəbul edilmişdi. Sonralar elmin inkişafı, müayinə metodlarının təkmilləşdirilməsi, xəstəliyin bioloji aspektlərinin öyrənilməsi, müalicəyə proqram anlayışından yanaşma leykozun proqnozunda inqilabi dəyişiklik yaratdı. Yeni müalicə proqramlarının tətbiqi, ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılması, onkohematoloji kadrların hazırlanması, yeni dərman preparatlarının kombinasiyalı tətbiqi, kimyaterapiyanın ağırlaşmaları ilə daha səmərəli mübarizə üsullarının hazırlanması, xəstələrin sosial və psixoloji problemlərinin öyrənilməsi, reabilitasyon mərkəzlərin yaradılması, xarici hematolji institutlar ilə koorperativ iş qurulması xəstələrin sağalması istiqamətində əsaslı dönüş yaratdı. Artıq keçən əsrin 80-ci illərindən başlayaraq leykozlu xəstələrin sağalması gerçəkliyə çevrildi. Əgər bu xəstəliyin vaxtında müalicəsi aparılsa, uşaqların sağalma göstəricisi 90-92 faiz olar. Xəstəliyin ömürlük sağalma ehtimalı isə 75 faizdir. Amma xəstəlik bir qədər geciksə, risk də bir qədər artır. Bu gün dünyanın inkişaf etmiş ölkələrində uşaqlar arasınd kəskin leykozdan tam sağalma şansı 70-75 faiz təşkil edir.
 Azərbaycanda böyüklər arasında sümük iliyi xəstəlinə görə ildə 150-170 nəfər, uşaq kontengenti üzrə hər ildə təxminən 80-110 nəfər bu xəstəliklə əlaqədar müraciət edir. Həkim leykozların bir neçə üsul ilə müalicə olunduğunu qeyd edir. Leykozlar reliksiyanın induksiyası, konsolitasiya, saxlayıcı terapiya üsulu ilə müalicə olunur. Reliksiyanın induksiyası üsulu xəstəliyin kəskin dövründə kimyəvi praparatların köməyilə sümük iliyində şiş hüceyrələrini öldürməklə müalicə edilir. İkinci müalicə etapı konsolitasiyadır. Burada iki il ərzində hər ayda kurslar keçirilir. Sümük iliyinin transplantasiya (köçürülmə) əməliyyatıdır. Sümük iliyinin köçürülməsi iki formada olur. Bir xəstənin özündən, ikinci halda yaxın qohumlarından götürülür. Lakin son dövrdə qohum olmayan şəxslərdən  sümük iliyinin köçürülməsi həyata keçirilir. İlk növbədə bu xəstəliklərin vaxtında aşkar edilməsi və düzgün diaqnoz qoyulması çox vacibdir. Əsas diaqnostik araşdırma sümük iliyinin müayinəsidir. Burada onkoloji blast hüceyrələrin – xərçəng hüceyrələrinin aşkara çıxarılması düzgün diaqnoz qoymağa imkan verir. Hazırda uşaqlarda leykoz xəstəliyi xüsusi dərman preparatları vasitəsi ilə müvəffəqiyyətlə müalicə olunur. Kurs müalicəsi uzunmüddətli olub həm valideynlərdən və həm də uşaqdan böyük diqqət və təmkin tələb edir. Dərmanla müalicə effektsiz olduğu halda sümük iliyi köçürülməsi əməliyyatına əl atırlar. Sümük iliyi köçürülməsi üçün donor (xəstə ilə bir çox parametrlərinə görə uyğun gələn sağlam şəxs) tələb olunur. Bu əməliyyat donorun sağlamlığı üçün təhlükəsizdir. Xəstəyə uyğun gələn donoru, adətən, doğma qardaş və bacılar arasında axtarırlar. Müasir azuşaqlı ailələrdə (ailədə bir ya iki uşaq olur) donor tapmaq o qədər də asan olmur. Təəssüf olsun ki, sümük iliyi köçürülməsi üçün valideynlər çox təsadüfi hallarda öz uşaqları ilə tam uyğunluq təşkil edirlər. Donor axtarılması üçün ümumdünya məlumat bankı mövcuddur.
Sümük iliyinin köçürülməsi əməliyyatı bir çox xəstələrin həyatını xilas etməyə imkan yaradıb. Sümük iliyinin köçürülməsi yalnız leykoz xəstəliyinin müalicəsində deyil, hipoplastik anemiyalar, müxtəlif növ immun çatışmazlıqları, talassemiya və digər xəstəliklərdə də istifadə edilir. Bu əməliyyat hər bir halda yalnız medikamentoz müalicə effektsiz olduqda tətbiq edilir.
Qeyd edək ki son dövrlərdə qeyri-qohumlardan da sümük iliyi transplantasiyası həyata keçirilə bilər. Artıq Respublika Talassemiya Mərkəzi Azərbaycanda qeyri-qohumlardan sümük iliyi transplantasiyasının həyata keçirilməsini mümkün etmək üçün müvafiq qurumlara müraciət edib. Bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov bu günlərdə, 8 may - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirdikləri tədbirdə deyib. C.Məmmədov deyib ki, qeyri-qohumlardan sümük iliyi transplantasiyasının aparılması üçün qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır: "Bununla bağlı qanun qəbul edilməlidir. Milli Məclisin yaz sesiyasında ölkəyə buynuz qişasının xaricdən gətirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Gözləyirik ki, parlamentin payız sessiyasında da sümük iliyi transplantasiyasına qeyri-qohum donorların cəlb olunması barədə qanun qəbul ediləcək. Mərkəz ötən ildən Avropa Talassemiya Federasiyanın həqiqi üzvüdür. Lakin Azərbaycanın qanunvericiliyində qeyri-qohumlardan alınan sümük iliyinin xaricdən gətirilməsi mümkün olmadığından nə donor cəlb edə bilirik, nə də özümüz harasa donor verə bilirik. Bu il məsələ həllini tapmalıdır. Bununla bağlı artıq müəyyən instansiyalara müraciət etmişik. Qanunvericilikdə donor mübadiləsi öz əksini tapdıqdan sonra artıq Azərbaycanda qeyri-qohumlardan da sümük iliyi transplantasiyası həyata keçiriləcək".
C.Məmmədov deyib ki, Azərbaycanda sümük iliyi transplantasiyası 2014-cü ildən həyata keçirilir. Bu il ərzində 9 xəstəyə sümük iliyi transplantasiyası uğurla həyata keçirilib. Ümumilikdə Azərbaycanda 2014-cü ildən indiyədək 51 xəstəyə sümük iliyi transplantasiyası həyata keçirilib: "Sümük iliyi transplantasiyasına talassemiya xəstəliyindən əziyyət çəkən bütün xəstələrin ehtiyacı var. Amma buna baxmayaraq, onların hamısını əməliyyata götürmək nəsib olmur. Çünki burada da müəyyən nüanslar var". Xəstələrin hamısının hansı səbəblərdən əməliyyata götürülə bilməməsinə aydınlıq gətirən RTM-nin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva isə bildirib ki, bunun əsas səbəblərindən biri xəstələrin çoxunun bacı-qardaş olmamasıdır. Ona görə də mərkəzdə indi ancaq uyğunluq olan qohumların donorluğu ilə əməliyyatlar həyata keçirilir. N.Əliyeva bildirib ki, mərkəzdə qeydiyyatda olan 2900-dən çox xəstənin yalnız 300-400-də bacı-qardaş uyğunluğu olub: "Digər səbəb isə odur ki, uzun müddət qan vurulan xəstələrin qaraciyər və ürəyində müəyyən problemlər yaranır. Bununla əlaqədar olaraq, onlar bir müddət müalicə olunduqdan sonra sümük iliyi transplantasiyanın olunub-olunmamasına dair qərar verilir. Mərkəz il ərzində 20-21 ərzində sümük iliyi transplantasiyası həyata keçirə bilir. Burdan artığına gücümüz çatmır. Bu əməliyyatın həyata kçeirilməsi üçün xəstə və donorun bacı-qardaş olması şərtdir".


Pünhan 
Yazı  “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Qan xəstəliklərinin səbəbləri, müayinə və müalicə imkanları ilə bağlı maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb

 

Xəbər xətti