"MTN işi": Agentlərə verilməsi adı ilə mənimsənilən pulların kassadan necə çıxarıldığı məlum olub

12:42 - 15 May 2017 - Xəbər

 Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində MTN-də yüksək vəzifə tutmuş və hazırda xidmətlərini Dövlət Təhlükəsizliyi Xidmətində davam etdirən zabitlərin dövlət büdcəsindən mənimsənilən pulla bağlı verdikləri ifadələr məlum olub. “Report”un xəbərinə görə, həmin şəxslər agentlərə verilməsi adı ilə mənimsənilən 7,6 milyon manat, 1,8 milyon dollar və 407 min avronun kassadan necə çıxarıldığını açıqlayıblar.
Belə ki, cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilən Elmar Mehdiyev bildirib ki, keçmiş MTN-in Maliyyə İdarəsinin Xüsusi xərclər şöbəsinin rəisi işləyib, hazırda isə DTX-nın Maliyyə İdarəsinin Xüsusi xərclər şöbəsinin rəisi vəzifəsində çalışır. Onun sözlərinə görə, MTN-də əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün nazirliyin Maliyyə İdarəsinin kassasından böyük məbləğdə pullar əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilən raportlar əsasında verilib. Həmin raportlar da sabiq nazir Eldar Mahmudov və yaxud onun vəzifələrini icra edən şəxsin göstərişi ilə icra olunub. Həmçinin həmin şəxslərin göstərişi ilə tərtib edilmiş raportlarda imzaları var: “Həmin raportlar Maliyyə İdarəsinə icra edilməsi üçün yönəldilib. Kassa məxaric orderi hazırlanaraq ödəniş üçün Maliyyə İdarəsinin xəzinəsinə təqdim edilirdi. Maliyyə İdarəsinin xəzinədarı tərəfindən həmin sənəd üzrə ödəniş aparılırdı. Məbləğ ancaq raportda adı qeyd edilən nazirliyin əməkdaşlarına təqdim edilirdi”.
O söyləyib ki, pulu alan əməkdaşın adı, soyadı və atasının adı bir qayda olaraq ya pulun alınması barədə raportun özündə və yaxud da vəsatəti qaldıran əməliyyat strukturunun rəhbəri tərəfindən Maliyyə İdarəsinə verilmiş vəkalətnamələrdə öz əksini tapırdı. Həmin raportlar xəzinəyə təqdim edilmirdi və rəhbəri olduğu şöbədə müvafiq işlərə tikilirdi.
E.Mehdiyev istintaqa ifadəsində cəmi 7 milyon 629 min manat, 1 milyon 834 min dollar və 407 min avro məbləğində pul əskinaslarının kassadan götürülməsi barədə kassa məxaric orderlərə və raportlara baxaraq təsdiq edib ki, bu məbləğlər nağd qaydada Maliyyə İdarəsindən verilib: “Pulların hara xərclənməsi haqqında heç bir məlumatım yoxdur, çünki həmin vəsaitlərin hara xərclənməsinə və ya kiməsə verilməsinə raportlarda adı yazılan əməkdaşlar cavabdehlik daşıyırlar”.

Bu iş üzrə şahid qismində keçmiş MTN-in Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışmış və hazırda DTX-nın Maliyyə İdarəsinin rəisi olan Rəşad Hüseynov da dindirilib. O, istintaqa verdiyi ifadəsində bildirib ki, MTN-də bir qayda olaraq əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün böyük məbləğdə pul vəsaitləri əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilib, raportlarda sabiq nazir Eldar Mahmudov və yaxud onun vəzifələrini icra edən şəxsin pulun ödənilməsi ilə bağlı göstərişinə əsasən həyata keçirilib: “Həmin şəxslərin göstərişi tərtib edilmiş raportlarda imzası ilə əksini tapırdı. Həmin raportlar Maliyyə İdarəsinə daxil olduqdan sonra icraçıya icra edilməsi üçün yönəldilirdi”.
R.Hüseynov ifadəsində istintaqın qeyd etdiyi məbləğdə pulun Maliyyə İdarəsinin kassasından E.Quliyevin imzası əks olunmuş raportlar əsasında həmin idarənin müxtəlif əməkdaşları tərəfindən nağd şəkildə götürüldüyünü təsdiqləyib: “Amma pulların hara və kimə xərclənməsi barədə məlumatım yoxdur”.
DTX-nın Maliyyə İdarəsinin mütəxəssisi, xəzinədarı Nailə Ağayeva ifadəsində bildirib ki, ləğv edilmiş MTN-də vəzifə sahibi olub. O, işlədiyi müddətdə xəzinədar kimi vəzifəsi daxil edilmiş mədaxil qəbzləri əsasında xəzinəyə pul vəsaiti qəbul etmək və məxaric qəbzləri əsasında xəzinədən pul vəsaitini ödəmək olub. N.Ağayeva da digər DTX əməkdaşları kimi ləğv edilmiş MTN-in Maliyyə İdarəsinin kassasından general E.Quliyevin imzası əks olunmuş raportlar əsasında qeyd edilən məbləğdə pulların nağd şəkildə verilməsini təsdiq edib.
İttiham aktına əsasən, DTX-dan istintaqa bununla bağlı arayış təqdim edilib. Arayış və ona əlavə edilmiş məlumatlardan görünür ki, 2011-2015-ci illərdə əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə xüsusi xərclər smetasından ayrılaraq, keçmiş MTN-in Antiterror Mərkəzinin əməkdaşları tərəfindən Maliyyə İdarəsinin kassasından götürülmüş pul vəsaitlərindən 6 milyon 363 min 900 manat, 1 milyon 712 min 500 ABŞ dolları və 32 min 800 avro məbləğlərində hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiq edilib, “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələbləri pozularaq bir sıra hallarda heç bir sənədləşdirmə aparılmadan təyinatı üzrə xərclənməməsi xidməti yoxlama zamanı təsdiq edilib.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

Xəbər xətti