"İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək bizim üçün böyük şərəfdir". Bunu IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib. Mehriban Əliyeva qeyd edib:
"Əziz həmvətənlər! Biz birliyin və idmanın təntənəsi olan IV İslam Həmrəyliyi Oyunlarını bu axşam fərəh hissi ilə qəbul edirik. Oyunlara ev sahibliyi etmək bizim üçün böyük şərəfdir.
Bu gün Azərbaycan bütün İslam aləmini qəbul edir. Dörd qitədən gəlmiş minlərlə idmançını və paytaxtımızın qonaqlarını səmimi qəlbdən salamlayır, onlara xoş gəlmişsiniz deyirəm. Bütün uğurlar münasibətilə gözəl vətənimizin hər bir vətəndaşını təbrik edirəm və minnətdarlığımı bildirirəm. Qoy Ulu Tanrı Azərbaycanı qorusun!
Əziz dostlar! Əllidən artıq ölkənin nümayəndəsi bu axşam Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimini qeyd edir. Sizin burada olmağınız bizim üçün şərəfdir. Qardaşlarımız və bacılarımız, Azərbaycan sizi məmnuniyyətlə salamlayır.
Mən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlığımı bildirmək istəyirəm".
Birinci vitse-prezident bildirib ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir:
"İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur.
Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda, biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik. Ötən il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi".trend