“Bəzi klublar maliyyə mənbələrini açıqlamadılar. 2017-2018 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcəkləri halda, bank zəmanəti təqdim edə bilməyənlər oldu. Bir sıra klublar, xüsusən I Divizion təmsilçilərinin isə tələb olunan sənədlərini, tam vermədikləri üçün analiz etməyə çətinlik çəkdik. “A” dərəcəli meyar üzrə sənədlər təqdim olunmadıqda avtomatik olaraq imtina qərarı çıxarılır”. Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov 2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün 8 kluba lisenziya verilməsi ilə bağlı qərarı şərh edərkən deyib.
E.Məmmədov bildirib ki, 2016-2017 mövsümündə I divizionda 3-cü yeri tutan “Ağsu” klubu ümumiyyətlə lisenziya üçün müraciət etməyib. Onun sözlərinə görə, quruma ərizə ünvanlamayıb: “Bəlkə də, elitaya yüksəlmək niyyətləri olub, lakin bunu yazılı şəkildə bizə bildirməyiblər”.
Qaydalara əsasən, lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər. Lisenziyalaşdırma Qrupunun rəhbəri bunun üçün klubların müəyyən şərtlərə riayət etməli olduqlarını vurğulayıb. O, klubların lisenziya ala bilməməsinin əsas səbəbinin maliyyə məsələləri olduğunu söyləyib: “Gün ərzində bütün klublara yazılı qərar göndərəcəyik. AFFA-nın rəsmi saytına yer alan xəbərdən fərqli olaraq, orada ətraflı səbəblər göstəriləcək. Klublar Apellyasiya Komitəsinə müraciət edən zaman nə ilə razı olmadıqlarını əsaslandırmalıdırlar. Müraciətin qəbul olunması üçün müəyyən şərtlərə riayət edilməlidir. Premyer Liqa yalnız əsas komandadan ibarət deyil. Burada aşağı yaş qrupları üzrə kollektivlər də zəruridir. Bu isə vəsiat tələb edir. Mövsüm ərzində klub nümayəndələri üçün seminarlar təşkil etməklə yanaşı, yerlərdə görüşlər keçirmişik. Lakin hər şey maliyyədən asılıdır”.
E.Məmmədov “Azərbaycan Premyer Liqasında çıxış etmək üçün bir kluba minimum nə qədər vəsait lazımdır” sualına bu cür cavab verib: “Lisenziyalaşdırmada konkret məbləğ yazılmayıb. Maliyyə meyarına əsasən, klub sübut etməlidir ki, onun futbolçulara və təşkilatlara borcu yoxdur. İkinici məsələ klubun mövsümə necə gəlməsidir. İndiki məqamda klubun borcu yoxdursa, lakin bank zəmanət məktubu təqdim edə bilmirsə və ya gəlir mənbəyi göstərmirsə, fiziki olaraq elitada oynaya bilməyəcək".
Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyasının bu gün keçirilən iclasında lisenziyalaşdırılma üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün ilk 6 yeri tutmuş “İnter”, "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt” və “Zirə” klublarına, Premyer Liqada iştirak üçün isə “Kəpəz” və “Səbail”ə lisenziya verilib. Əvəzində AZAL, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala” lisenziya ala bilməyib.
2017-2018-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.