Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində “Gənc Elçilər” Proqramı çərçivəsində "Azərbaycan Gənclərinin Beynəlxalq Təmsilçiliyi" mövzusunda konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən konfransda 200-ə yaxın gənc iştirak edib.
Konfransın məqsədi Lənkəran gənclərinə beynəlxalq əlaqələr və təmsilçiliklə bağlı ətraflı məlumatın verilməsi və onların bu sahədə potensialının artırılmasıdır.
Konfransa dövlət himni ilə start verilib, daha sonra açılış nitqi ilə Lənkəran şəhəri Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev çıxış edib. Konfrans zamanı Milli Şuranın sədr müavini Aysun Zeynalova tərəfindən Lənkəran gənclərinə Milli Şura və onun beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. Konfransın gedişatında Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə tərəfindən “Gənc Elçilər” proqramının təqdimatı keçirilib. Təqdimatda proqramın məqsədi, imkanlarından və fəaliyyətindən danışılıb. Bundan başqa Milli Şuranın əməkdaşları Lənkəran gənclərini Azərbaycan gənclərinin beynəlxalq layihələrə qoşulmaq imkanları, Erasmus+ proqramı, Avropa Könüllülük Xidməti və digər imkanlar haqqında məlumatlandırıblar. Konfransın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb və mövzu üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, Lənkəran şəhərində keçirilən konfrans Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf edilir. Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan gəncliyinə verdiyi töhvələrdir. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ümummilli lider Heydər Əliyev çıxışlarında qeyd edərdi ki, “Təkcə milli ruhlu, vətənpərvər, iradəli gəncliklə dünyada böyük uğurlar qazana bilmərik. Azərbaycan gəncliyi dünyada müasir elmin, təhsilin, texnologiyanın, inkişafın əsas trendlərinə yiyələnməli, rəqabətə davamlı olmalıdır. Azərbaycan gəncliyi dünya gənclərinin bütün sahələr üzrə əldə etdiyi nailiyyətləri mənimsəməli və ölkəmizə gətirməlidir.” Bunu nəzərə alaraq Milli Şura gənclərin ölkə təbliği istiqamətində aparılan fəaliyyətlərdə gənclərin bu sahədə məlumatlılığın artırılması üçün müxtəlif tədbir və layihələr həyata keçirir.
Məlumat üçün bildirək ki, “Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramı Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirlir. Proqramın məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır. Proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb. Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçiriləcək təlim və seminarların iştirakçısı olacaq. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçiriləcək. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və təcrübə əldə etmək imkanı qazanacaqlar.