Avropa qazaxıstanlı fırıldaqçıya himayədarlıq edir?

11:13 - 26 Aprel 2017 - Xəbər

Qazaxıstanda BTA Bankdan pul çırpışdıranların yerli məhkəmədə başlayan işindən sonra, cinayətkar dəstənin başçısı Muxtar Ablyazov yenidən Avropanın siyasi arenasında və internetdə öz aktivliyi ilə diqqət çəkir. Xatırladaq ki, sözügedən bankın direktorlar şurasının sədri 7,2 milyard dollar həcmində pul mənimsəməkdə ittiham olunur. İndi də o, Avropa parlamentarilərini ələ almağa başlayıb.

Bankdakı maxinasiyalara görə Qazaxıstan prokurorluğunun 8 ildir ki, apardığı iş təəssüf ki, hələ də səmərə vermir və cinayətkar hələ də istintaqdan yayınır. Düzdür, Ablyazov son üç ili Fransa məhbusxanalarında keçirib və onu Rusiyanın tələbi ilə həbs ediblər (adı çəkilən ölkədə də analoji cinayətlər törədib). Ancaq nə qədər təəccüblü olsa da, 2016-cı ilin dekabrında Fransanın Dövlət Şurası Ablyazovun ekstradasiyası haqqında çıxarılan qərarı ləğv edib və onu həbsxanadan buraxıb. Rəsmi Paris isə Moskvanın ekstradasiya tələbinin guya “siyasi səbəblər”lə bağlı olduğunu bildirib.
O zaman Yelisey sarayının bu mövqeyi çoxlarının təəccübünə səbəb oldu. Ən aşağısı ona görə ki, istər Fransada, istər Böyük Britaniyada, istər Kiprdə və istərsə də digər ölkələrdə BTA Bankda fırıldaqlar törədilməsi etiraf olunmuşdu. Özü də Muxtar Ablyazovun əsas günahkar və əlaltıları ilə birgə bu cinayətləri törətməsi də birmənalı şəkildə təsdiqini tapmışdı. Bu isə Qazaxıstan tərəfindən mütəşəkkil cinayət dəstəsinə qarşı iddianın əsaslı olduğunu və həmin ölkələrin razılaşması demək idi.
Bundan əlavə, hələ 2012-ci ilin noyabrında London Ali Məhkəməsi Ablyazovdan və Roman Solodçenkodan 2,1 milyard dollar tutulması və həmin vəsaitin BTA Banka köçürülməsi barədə qərar çıxarmışdı. Buna oxşar başqa misallar da gətirmək olar. Bir qədər sonra isə London məhkəməsi Ablyazovun davamlı şəkildə fırıldaqlar törətməsi barədə şərh verdi.
Qeyd edək ki, Ablyazovun maxinasiyaları nəticəsində Rusiyaya dəyən zərər milyard dollarla ölçülür. Bu cinayət işində Rusiya Federasiyasının neçə-neçə vətəndaşının adı keçir. Onların bir qismi artıq mühakimə olunub, digər qismi isə istintaqa cəlb ediliblər. Məsələn, “Delo” lizinq kompaniyasının keçmiş rəhbərlərindən biri Dmitri Pak və eks-baş direktoru Oleq Tsaryov Ablyazovla birgə 2,5 milyard rubl (80 milyona yaxın dollar) vəsaiti mənimsəməkdə suçlanırdılar. Aleksandr Potkin adlı digəri də BTA bankdan fırıldaq yolu ilə pul çırpışdırmaqda cinayət məsuliyyətinə cəlb olunub. Dəyən zərər isə 400 milyon dollardan yuxarıdır.
Ablyazov və onun əlaltılarının cinayət işi Qazaxıstanda, Rusiyada və Ukraynada 11 maddə üzrə bu gün də araşdırılır. Motiv isə birdir: bu adamlar fırıldaqçılıqla məşğul olublar, özgə əmlakını ələ keçiriblər və qeyri-qanuni yollarla ələ keçirdikləri varidatı leqallaşdırmağa cəhd göstəriblər. Nəticədə, sözügedən ölkələrdə maliyyə strukturlarına təxminən 12 milyard dollar həcmində ziyan dəyib. Bu vəsait isə neçə-neçə təqaüdçünün, bir çox vətəndaşların banka yatırdıqları pullar, xarici maliyyə institutlarından alınan istiqrazlar, bəzi kompaniyaların depozit hesabları və s. idi.
Təbii ki, Ablyazov bu böyüklükdə maliyyə cinayətini müstəqil həyata keçirə bilməzdi. Sözsüz ki, bu məsələdə cinayətkar qrupa köməklik edənlər olub. Məsələn, İngiltərə məhkəmələri fırıldaqçının 4,3 milyard dollar həcmində vəsaiti mənimsəməsini sübuta yetirib. Yeri gəlmişkən, ingiltərəli hakimlər BTA Bankdan bu məbləğin transmilli şəbəkələr və dünyanın 10 ölkəsində 1300 ofşar kompaniyalar tərəfindən çıxarıldığını müəyyən ediblər.
Ablyazovun fırıldaqçılıq əməllərinin masştabı o qədər genişdir ki, artıq Qazaxıstanın keçmiş bankirinin adı yaşadığımız əsrin 10 ən nəhəng cinayətkarlarının siyahısına salınıb. O, bütün bunlara və Rusiya və Qazaxıstana deportasiya olunmamasına görə, necə deyərlər, dəridən-qabıqdan çıxır. Arqumenti də budur ki, guya onu vətəndə maliyyə fırıldaqlarına görə yox, siyasi motivlərlə bağlı axtarırlar. Görünür, bu versiya Avropaya da kart-blanş verir. Təəssüf ki, Avropadan hələ də Şərqə ehtiyatla yanaşma davam edir. Heç gizlin deyil ki, həmin qitədə belə dissidentləri həvəslə ən azından “incidilmişlər” adlandırmaqdan da çəkinmirlər. Məsələn, Çeçenistanda “Əl-Kayda” terror dəstəsinin emissarı Zəlimxan Jandarbiyevə məhz belə yanaşma nəticəsində, o, uzun illər Avropada yaşamışdı. Bura digər çeçen terrorçusu Əhməd Zakayevi də əlavə etmək olar. Onların hər ikisi Avropa jurnalistlərinə “ifşaedici” müsahibələr verir və ələ alınmış siyasilərin dəstəklərini qazanırdılar.
İndi də öz vətənində korrupsiya məsələlərində ittiham olunan digər qazaxıstanlı oliqarx Viktor Xrapunovla Avropada belə davranırlar. O da təxminən belə məqalələr dərc etdirir: “Mən həqiqətə görə necə mübarizə aparırdım və əziyyət çəkirdim”. Qazaxıstanda isə ona cinayətkar qrup yaratdığına, oğurluğa, fırıldaqçılığa və digər məsələlərə görə iş qaldırılıb. Yeri gəlmişkən, o, Muxtar Ablyazovun qohumudur: oğlu Ablyazovun kürəkənidir.
Hələlik Xranunov İsveçrənin ən varlı adamları siyahısındadır. ABŞ-da isə vaxtilə Almatının meri olmuş bu adamın və ailə üzvlərinin elə həmin şəhərin rəsmi müraciətindən sonra işlərinə baxılmasına icazə verilib: “Xranunovlar və onun kompaniyaları Almatı şəhərinin büdcəsindən oğurladıqları pullar hesabına Kaliforniyada daşınmaz əmlak və bahalı avtomobillərə sahib olublar” - deyə ABŞ-ın Kaliforniya ştatının Federal Apellyasiya Məhkəməsi faktı təsdiqləyir.
Ablyazova gəlincə, onun məsələsinə Fransa Dövlət Şurasında baxılarkən, yerli KİV-lərdə dəfələrlə buna eyham vurulurdu ki, hakimiyyət uğrunda aktiv mübarizə aparan partiyalardan biri fırıldaqçının azadlığa çıxmasına görə kifayət qədər cəlbedici məbləğdə pul alıb. Buna baxmayaraq, jurnalistlərin dəlilləri öz sübutunu tapmayıb. Nəticədə Ablyazov azadlığa buraxılıb. Bir faktdan isə qaçmaq olmaz: onun nəzarətində olan qüvvələr bir çox postsovet ölkələrinə, xüsusilə Qazaxıstan və Rusiyaya qarşı siyasi çirkablar yağdıranlara maliyyə yardımı göstərməkdə davam edirlər. Bu işlər isə Polşada qeydiyyatdan keçən “Açıq dialoq” fondu vasitəsilə reallaşdırılır. Elə Ablyazovun da Avropa siyasiləri ilə merkantil maraqları məhz sözügedən fond vasitəsilə çözülür. Belə olmasaydı, Avropa  parlamentinin bəziləri Ablyazova və onun kimilərinə görə İnternola müraciət etməzdilər. Məsələn, 4 belə parlamentari sözügedən quruma Ablyazov və BTA Bankın keçmiş işçisi Anatolu Poqorelov barəsində axtarışların dayandırılması üçün məktub yollayıblar.
Belə çıxır ki, Avropanın siyasi sistemi tam şəkildə demokratik dəyərlərdən uzaqlaşıb. Avropa parlamentinin bəzi deputatları isə qonorar müqabilində kimi istəyirsən qəhrəman etməyə hazırdırlar. 

Mahir Nemətoğlu

Xəbər xətti