Əhali qan xəstəlikləri ilə bağlı maarifləndiriləcək

14:00 - 18 Aprel 2017 - Cəmiyyət

“Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi yeni layihənin icrasına başlayıb


Son illər respublikamızda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması üçün davamlı addımlar atılır. Yeni səhiyyə ocaqları tikilir, tibb müəssisələri müasir tibbi avadanlıqlarla təmin edilir. Amma bütün bunlara baxmayaraq, elə xəstəliklər var ki, ondan xilas olmağın yolu həm də insanların öz əlindədir. Belə xəstəliklərdən olan qan xəstəliklərinin də qarşısının alınmasının əsas yollarından biri əhalinin bu istiqamətdə maarifləndirilməsidir. Bu problemlərin həlli istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə ictimai dəstək məqsədi ilə “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi də bir sıra tədbirlər həyata keçirir. 2009-cu ildən fəaliyyət göstərən təşkilat qan xəstəliklərinin qarşısının alınması, qan xəstəliklərindən əziyyət çəkən şəxslərin problemlərinin ictimailəşdirilməsi və onların həlli istiqamətində tədbirlər işlər görür. Problemi yaradan səbəblərin aradan qaldırılmasının daha vacibliyini nəzərə alan təşkilat cəmiyyətin qan xəstəlikləri ilə bağlı bilgiləndirilməsinə daha böyük önəm verir.
“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin sədri Xoşqədəm Baxşəliyevanın sözlərinə görə, təşkilat yeni layihənin icrasına başlayıb: “İcrasına başladığımız “Qan xəstəliklərinin səbəbləri, müayinə və müalicə imkanları ilə bağlı maarifləndirmə” layihəsi üç ay davam edəcək. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə Bakı, Bərdə, Quba və Mingəçevir şəhərlərinin ərazisi əhatə edəcək. Düşünürük ki, ölkəmizdə qan donorluğunun inkişafı üçün ciddi maarifləndirmə işlərinin aparılması vacibdir. Çünki öz qan komponentinin könüllü ehtiyacı olan insanlara verilməsi hemofiliyalı, talassemiyalı, leykozlu xəstələr üçün həyati vacibdir. Qan donorluğu isə təhlükəli yox, əksinə qanın yenilənməsinə səbəb olmaqla orqanizmin sağlamlığına şərait yaradır. Anemiya və ya qanazlığı xəstəliyinin müalicəsinə də insanların  maarifləndirilməsi yardım edə bilər. Qohumluğundan, milliyyətindən, dinindən asılı olmayaraq eyni xəstəliyin daşyıcılarının dünyaya gətirdiyi uşaqların xəstə olma riski böyükdür. Buna görə də insanların tibbi müayinədən keçməsini təşviq etmək üçün əhalinin maarifləndirilməsinə ehtiyac var”. 
Xoşqədəm Baxşəliyevanın sözlərinə görə, layihə çərçivəsində bir sıra işlərin görülməsi nəzərdə tutulur: “İlkin mərhələdə qan xərçəngi, respublikamızda bu xəstəlikdən müalicə imkanları və bu sahədə tibbi xidmət verən xəstəxanalar, "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”, proqramda nəzərdə tutulan tədbirlər, xəstəliyin qarşısının alınması yolları ilə bağlı məlumatların toplandığı buklet çap ediləcək. Daha sonra qan xəstəlikləri, xəstəliyin qarşısının alınması yolları, dünyada qan xəstəliklərinin müalicəsi ilə bağlı əldə olunan yeniliklər, respublikamızda qan donorluğunun mövcud vəziyyəti, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlər, qan donorluğuna insanların təşviq edilməsi, "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”, proqramda nəzərdə tutulan tədbirlərlə bağlı maarifləndirmə xarakterli məqalələr hazırlanaraq dərc ediləcək. Sonuncu mərhələdə isə qan xəstəlikləri olan şəxslərin problemləri, xəstəliyi qarşısının alınması yolları, müayinə və müalicə imkanları ilə bağlı, konüllü qan donorluğu və qan donorluğunun əhəmiyyətinın müzakirə olunduğu 1 televiziya verilişi hazırlanaraq yayımlanacaq”.

Xəbər xətti