Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Hazırda ÜDM-də qeyri-neft sektorunun payı 84 faizə çatıb. Bu uğurların əldə edilməsinin bünövrəsində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu islahatlar durur. “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”,-ümumilli lider deyib.
Özəlləşdirmə
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan biri dövlət mülkiyyətinin özəlləşdirilməsi idi. Prezidentin fərman və sərəncamları ilə 1996-cı ildən etibarən bir sıra nazirlik, dövlət komitəsi, konsern və şirkətlər ləğv edildi, onların tabeliyindəki müəssisə və obyektlər özəlləşdirməyə açıq elan olundu, bununla da özəlləşdirmənin daha sürətli və çevik formada aparılması üçün zəmin formalaşdırıldı. 2003-cü ildək 30 minə yaxın kiçik müəssisə özəlləşdirildi, 1500-dən artıq orta və iri müəssisə səhmdar cəmiyyətə çevrildi, ölkə vətəndaşları səhm və əmlak sahibi oldular. Ticarət, məişət xidməti, yeyinti sənayesi sahələrində minlərlə özəlləşdirilmiş müəssisə müvəffəqiyyətlə fəaliyyət göstərməyə, rəqabət qabiliyyətli məhsul istehsal etməyə başladı.
Aqrar sektor da özəlləşmədən kənarda qalmadı. 1994-cü ilin martında Prezident sarayında keçirilən müşavirədə Heydər Əliyev deyib: “Bildiyiniz kimi, respublikamız ağır iqtisadi - sosial böhran içərisindədir...Azərbaycanın daxili imkanları çox böyükdür, böhran vəziyyətindən çıxmaq üçün mümkünatlar var. Biz bu imkanların hamısını işə salmalı, onlardan səmərəli istifadə etməli və respublikamızı bu ağır vəziyyətdən çıxarmalıyıq”. Ümummilli lider vəziyyətdən çıxış yollarından biri kimi aqrar islahatlara, əmlakın özəlləşdirilməsinə önəm verirdi "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" qanunları da daxil olmaqla qəbul edilmiş 52-dən çox fərman, qanun və digər hüquqi normativ aktlar respublikamızda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. Torpaq islahatlarının başa çatdırılmış birinci mərhələsində Respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıldı. Hər bir subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, Dövlət aktları ilə rəsmiləşdirilərək, naturada sahiblərinə tanıdıldı. Bu mərhələdə işğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 873 618 ailədən 869 268-nə torpaq payı verildı. Bu isə 3 442 778 subyekt deməkdir. Dövlət əmlakının özəlləşdirilməsi isə Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) inkişafına təkan verdi. Bundan başqa, özəl sektorun inkişafında 1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995) Dövlət Proqramı" da rol oynadı.
Kiçik və orta biznes əhalinin sahibkarlıq fəaliyyətinə təkan verdi
Ümummilli lider tərəfindən kiçik və orta sahibkarlığa önəm verilməsinə səbəb nə idi? Bununla bağlı iqtisadçı Ruslan Atakişiyev bildirir ki, kiçik və orta sahibkarlıq həm respublikanın daxili bazarlarının əmtəə və xidmətlərlə dolması, inhisarçılığın ləğv edilməsi və rəqabətin bütün sahələrdə genişlənməsində, həm də təşəbbüskar insanların yaracılığının üzə çıxması, mövcud əmək və material ehtiyatlarının istehsala cəlb olunmasında mühüm rol oynayır. Bu daxili bazarın sabit inkişafına təsir göstərir, yeni texnologiyaların tədbiqini, milli yeni infrastruktrun yaradılmasını təmin edir. Əhalinin tələbatının təmin olunmasında onun rolu böyükdür. Eyni zamanda kiçik və orta müəssisələr istehsalçılarla istehlakçılar arasında birbaşa iqtisadi əlaqəlrin qurulması, həmçinin iqtisadi islahat və istehsalın texnoloji quruluşunun yenidən qurulması, artıq işçi qüvvəsinin özünə cəlb edilməsi və nəhayət, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin yüksəklməsində böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bununla da biznesin inkişafı bazarda azad rəqabətə və sağlam mübarizəyə geniş imkan yaradır, təlabatçılar sektorunun genişləndirilməsinə səbəb olur. Bazarın mallar və xidmətlərlə zənginləşməsi, ixrac imkanlarının genişləndirilməsi, yeni xammal resurslarından səmərəli istifadənin effektliyinin artırılmasına geniş şərait yaradır.
Dünya Bankı da kiçik və orta sahibkarlığın inkişafını ölkələrin iqtisadiyyatında rolunu yüksək qiymətləndirir. Bankın illik hesabatlarında qeyd olunur ki, əksər dünya ölkələrində iqtisadi fəaliyyətin əsas hissəsi kiçik və orta biznesə aiddir. Hətta, iqtisadi cəhətdən keçid dövrünü yaşayan bir çox ölkələr öz iri tipli müəssisələri ilə tanınsalar da, hazırda həmin dövlətlərdə fəaliyyət göstərən iqtisadi subyektlərin böyük əksəriyyəti kiçik və orta müəssisələrdir. Bu da onu göstərir ki. kiçik və orta sahibkarlığın bütün ölkələrin iqtisadiyyatında rolu çox önəmlidir. Yəni, ölkənin iqtisadi inkişafı kiçik və orta sahibkarlığın vəziyyətindən birbaşa asılıdır. Kiçik və orta sahibkarlığın iqtisadiyyatda bu dərəcədə önəmli çəkiyə sahib olması isə onların xüsusiyyətləri ilə əlaqədardır. Çünki, onlar daha az investisiya ilə daha çox istehsal və məhsul müxtəlifliyi əldə etməyə malikdir. Eyni zamanda iqtisadi dalğalanmalar onlara daha az təsir göstərir. Çünki böhran dönəmində iri müəssisələrin müflisləşməsi ölkə iqtisadiyyatındakı böhranı daha da dərinləşdirir. Lakin kiçik və orta sahibkarlıq müəssisələrində belə risklər daha aşağıdır. Mütəxəssislər düşünürlər ki, əgər iri şirkətlər ölkədə elmi-texniki tərəqqinin və istehsal potensialının səviyyəsini müəyyən edirsə, kiçik və orta sahibkarlıq müəssisələri ölkənin sosial-iqtisadi sabitliyini və inkişafını təmin edir. Belə müəssisələrin çoxluğu iqtisadiyyatda tarazlığı formalaşdırır. Bu kimi xüsusiyyətlər kiçik və orta sahibkarlığı ölkə iqtisadiyyatında vacib problemlərin həllində əsas iştirakçı olmasına imkan verir. Nəzərə alaq ki, maaşlı çalışanların yarıdan çoxu məhz kiçik və orta böyüklükdəki müəssisələrdədirlər .Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrin hər birində kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün dövlət tərəfindən fondlar yaradılır. Bu öllkələrdə mövcud müəssisələrin böyük əksəriyyəti kiçik və orta sahibkarlıq müəssisəsidir. Onların məşğulluqda payı 50-70 faizdir. Məsələn ABŞ, Yaponiya, İngiltərə, Almaniya, Polşa, Macarıstan kimi ölkələrdə KOS əhalinin məşğulluğunda və ölkələrin ÜDM-ində payı 50 faizdən çoxdur. Yaponiyada məşğul əhalinin 75 faizdən çoxu kiçik və orta sahibkarlıq subyektlərində çalışır. Göründüyü kimi kiçik və orta sahibkarlıq ölkədəki iş həyatının ən kütləvi forması kimi ölkənin sosial iqtisadi stabilliyini və inkişafını təmin edirlər. Bunlar əhalinin orta təbəqəsinin genişlənməsi, həmin təbəqənin rolunun gücləndirilməsinə səbəb olur.
İqtisadçı alim Azər Mehtiyev bildirir ki, dünya ölkələrinin təcrübəsi göstərir ki, orta təbəqənin güclü olduğu ölkələr həm siyasi, həm də iqtisadi, sosial və s. aspektdən daha sabit və yüksək inkişaf potensialına malik olurlar. Azərbaycan da istisnalıq təşkil etmir. İstənilən iqtisadi artımın məqsədi isə sosial rifahı yüksəldir. Deməli, həyata keçirilən iqtisadi islahatlar, Azərbaycanın iqtisadiyyatının inkişafında yaxından iştirak etməklə yanaşı, yeni iş yerlərinin açılmasında, əhalinin maddi imkanlarının və həyat şəraitlərinin yaxşılaşmasında, milli gəlirin artmasında və yeni dəyərin yaranmasında yaxından iştirak edir. Aydindir ki, yalnız dövlət əmlakının özəlləşdirilməsi ilə kiçik və orta sahibkarlıqda qarşıya qoyulan məqsədlərə çatmaq mümkün deyil. Ümummilli lider bunu çox yaxşı bilirdi.
Ümumi daxil məhsulda qeyri-dövlət sektorunun payı 71,0 faiz təşkil etdi
Ümummilli liderin rəhbərliyi ilə bu sahədə dirçəliş yaratmaq üçüm hüquqi-normativ baza möhkəmləndirildi. "Azərbaycan respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" qəbul olundu, Bu proqramın yerinə yetirilməsi nəticəsində 2001-ci ildə ümumi daxil məhsulda qeyri-dövlət sektorunun payı 71,0 faiz təşkil etdi. Sənaye istehsalının 48,3 faizi, kənd təsərrüfatı istehsalının 99,0 faizi, tikinti işlərinin 76,1 faizi, daxili əmtəə dövriyyəsinin 98,4 faizi, əhaliyə göstərilən pullu xidmətlərin 62,5 faizi, sərnişin daşınmasının 83,9 faizi, xarici ticarət dövriyyəsinin 59,0 faizi, ixracın 52,6 faizi, idxalın 69,0 faizi özəl bölmənin payına düşdü. Dövlət büdcəsinin gəlirlərinin 39,6 faizi qeyri-dövlət sektorundan daxilolmalar hesabına formalaşdı. 2001-ci ilin yekunlarına görə, dövlət qeydiyyatından keçmiş qeyri-dövlət bölməsinə aid olan hüquqi şəxs statuslu təsərrüfat-maliyyə strukturlarının sayı 58,6 mini keçdi. Bunun 80,1 faizi kiçik və orta müəssisələridi. Orta hesabla əhalinin hər 10 min nəfərinə dövlət qeydiyyatından keçmiş 58 kiçik müəssisə düşürdü. Son 5 ildə KOS-un ümumi daxili məhsulda payı 24,7 faizdən 42,7 faizə çatdı.
«1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı», “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanunun qəbulu isə aqrar sektorda canlanma yaratdı. Qanunla kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edildilər. Fiziki şəxslərə gəlincə isə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) bu cür vergi ödəyicililəri 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edildilər. Lakin Qanunun 3-cü bəndinə əsasən, bu qanunla müəyyən edilən vergiləri ödəməkdən azad edilmiş hüquqi və fiziki şəxslər torpaq vergisinin ödəyiciləri idilər. Sonradan vergi güzəştlərinin müddəti ardıcıl olaraq 5 il müddətinə olmaqla ardıcıl bir neçə dəfə artırıldı. 2003-cü ildə isə Azərbaycanda 2 milyon taxıl, o cümlədən, 1,5 milyon ton buğda istehsal edildi. Kartof istehsalı 769 min, tərəvəz istehsalı 1 milyon, bostan bitkilərinin istehsalı 356,7 min. meyvə istehsalı 572,1 min, üzüm istehsalı isə 65 min tonadək artdı.
Əsassız müdaxilələrin qarşı alındı
Heydər Əliyevin rəhbərliyi altında dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su istifadə halları ilə mübarizə də genişləndirildi. Həmin vaxt kiçik və orta sahibkarların fəaliyyətlərinə müdaxilələr çox idi. Bunlar isə çox vaxt sahibkarlardan pul almaq məqsədi güdən yersiz müdaxilələr olurdu. İqtisadçı Buqar Bayramob bu barədə deyir: "Müxtəlif dövlət qurumları tərəfindən sahibkarlıq fəaliyyətininin yoxlanması adətən sahibkarlar üçün əlavə pul vermək, bəzilərinin işində fasilələrin yaranması deməkdir. Sahibkarlıq fəaliyyətinə olan müdaxilələr kiçik sahibkarların öz biznesini genişləndirməsində problemlər yaradırdı. Bəzi hallarda bir-birini təkrarlayan dövlət qurumları sahibkarlıq fəaliyyətinə müdaxilə edirdilər". V.Bayramovun sözlərinə görə, əgər müdaxilələr olmasaydı, xüsusilə regionlarda sahibkarlıq subyektlərinin sayının artması və sahibkarlıq dövriyyəsinin daha da genişləndirilməsi mümkün olardı. "Nə qədər az müdaxilə varsa və ya ümumiyyətlə, yoxdursa, bir o qədər də inkişaf etmiş sahibkarlıq olar. İnkişaf etmiş sahibkarlıq yeni iş yerləri, neftdən asılılığın aradan qaldırılması, dövlət büdcəsinə ödənişlərin artması deməkdir".
Bu neqativ halların qarşısının alınması ilə əlaqədat ümummilli lider 7 yanvar 1999-cu il tarixində "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzaladı. Nəticədə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük verdi, səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sistemi tətbiq olundu. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olundu və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutdu.
2002-ci ildə sahibkarlığın inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel-may aylarında keçirdiyi görüşləri də diqqəti çəkdi. Buna bariz nümunə kimi Heydər Əliyevin 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, 14 mayda isə xarici sahibkarlarla görüşünü, onların hər birinə şifahi və ya yazılı surətdə özproblemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə təsdiqi olan olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci il avqustun 17-də Prezidentinin fərmanı ilə "Azərbaycan respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" təsdiq olundu. Bu sənəd sahibkarlığın inkişafı ilə bağlı əvvəlki proqramın məntiqi davamı sayılırdı. 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanları da dövlət qurumları ilə sahibkarlıq subyektləri arasındakı münasibətlərin tənzimlənməsi, mənfi hallaın aradan qaldırılmasında mühüm rol oynadı.
Maliyyə dəstəyi
Kiçik və orta cahibkarlığın inkişafı üçün vacib məsələlərdən biri də onların maliyyə mənbələrinə çıxışı ilə bağlıd idi. Yeni yaranan kiçik və orta sahibkarlıq fəaliyyəti göstərən şirkətlər üçün vəsait əldə etmək, kreditlərdən yararlanmaq o qədər də asan deyildi. Kommersiya bankları və böyük maliyyə mərkəzləri kiçik və orta sahibkarlıq fəaliyyətinə investisiya ayırmaqda maraqlı deyildilər. İnvestisiya şirkətləri daha çox böyük sahibkarlığın inkişafına maliyyə vəsaiti ayırırdılar. Çünki kiçik və orta sahibkarlıq fəaliyyətində iflas təhlükəsi həmin maliyyə mərkəzlərini diqqətli olmağa vadar edirdi. Digər tərəfdən maliyyə mənbələri Azərbaycanın regionları üzrə düzgün şəkildə paylanmamışdı. Bu isə kiçik və orta sahibkarlığın maliyyə problemləriylə üzləşməsinə səbəb olurdu. Problemin həlli qarşıda duran məsələ idi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarların maliyyə mənbələrinə çıxışı üçün zəruri hüquqi mühit təmin edildi. İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondu yaradıldı. 27 avqust 2002-ci il tarixli fərmanla Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqləndi, strukturu formalaşdırıldı. Qaydalara uyğun olaraq 2002-ci ildə ilk dəfə 6 kommersiya bankı müvəkkil kredit təşkilatı qismində secilərək, öz adları və riskləri hesabına Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin sahibkarlıq subyektlərinə çatdırılmasında iştirak etməyə başladılar. Qaydaların tətbiqi sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə çıxış və kredit ehtiyatlarının daha dolğun ödənilməsi imkanlarının genişlənməsinə şərait yaratmaqla, dövlət büdcəsindən ayırılan vəsaitin tam istifadə olunmasına və növbəti illərdə həmin vəsaitin həcminin əhəmiyyətli dərəcədə artırılmasına müsbət təsir göstərdi. 2002-ci ildə dövlət büdcəsindən SKMF-yə 2.6 milyard manat (o dövrün məzənnəsi) ayrıldı, 2002-2003-cü illər üzrə dövlət büdcəsindən ayrılmış 70,0 milyard manat vəsaitin 65,5 milyard manatı müvəkkil banklar vasitəsilə respublikanın şəhər və rayonları üzrə 310-dan artıq sahibkarlıq subyektinə verildi. 4,5 milyard manatı isə Naxçıvan Muxtar Respublikasına ayrıldı.
Özəl sektora dövlət maliyyə mexanizminin qurulması, bank sektorunun inkişafına, rayonlarda bankların filiallarının açılması prosesinin sürətləndirilməsinə təkan verdi. Göründüyü kimi bu fond sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsinə, eyni zamanda sənaye sahəsindəki biznes layihələrinin maliyələşməsinə xidmət etdi və bu gün də edir.
Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldıldı
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilərək lisenziyaların müddəti uzadıldı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bütövlükdə liberal və rəqabətqabiliyyətli bir vergi sistemi formalaşdırıldı. Görülən tədbirlər kiçik və orta sahibkarlığın inkişafına təkan verdi, özəl sektor ölkə iqtisadiyyatında payına görə hakim mövqeyə yiyələndi. Bu həm də Azərbaycanın iqtisadi potensialının artması, investisiyanın cəlb olunması, ölkədə rəqabət mühitinin formalaşması, dövlət müəssisələrinin bir çoxunun fəaliyyətinin yenidən qurulması, müəssisələrdə yeni avadanlıq və texnologiyaların, habelə müasir idarəetmə üsullarının tətbiqinə səbəb oldu. Orta sahibkarlıq təbəqəsinin təşəkkül tapması və bununla da əhalinin həyat və yaşayış səviyyəsinin yüksəlməsinə, iqtisadiyyatın strukturunun günün tələbləri səviyyəsində yenidən qurulmasına səbəb oldu. Köhnə sovet psixologiyası tarixin arxivində gömüldü və yerini həmişəlik olaraq cəmiyyət üzvünün azad, müstəqil, tam demokratik düşüncə tərzinə verdi. Sahibkarlıq yeni iqtisadi sistemin tərkib hissəsi kimi nəzərdən keçirildi və cəmiyyətin iqtisadi təfəkkürü artıq azad işgüzar fəaliyyətin inkişafının mövcud problemlərin həllindəki rolunu əsasən qəbul etdi.
Kiçik və orta sahibkarlığın inkişafına dair Strateji Yol Xəritəsi
Hazirda ümummilli liderin iqtisadi siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirililməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə yönəlib. Bu məqsədlə qanunvericilik bazasının təkmilləşdirilməsi, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılıb. Məsələn, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli, «Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında» 31 avqust 2015-ci il tarixli Fərmanlar sahibkarlığın inkişafına göstərilən diqqətin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisidir. Bundan başqa, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramları, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafın təmin olunması, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramları qəbul olundu ki, onlar da kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaratdı.
Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında müəyyən olunan hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial –iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.
Azərbaycan iqtisadiyyatının yeni mərhələsinin yaxın, orta və uzunmüddətli perspektivində kiçik və orta sahibkarlığın inkişafına dair Strateji Yol Xəritəsi də ictimaiyyətə təqdim olundu. Təkcə 2020-ci ilədək strateji hədəflərə nail olmaq üçün 700 milyon manat investisiya xərclənəcəyi gözlənilir ki, nəticədə ölkə iqtisadiyyatında 1,3 milyard manat əlavə dəyər və 35000-ə yaxın yeni iş yeri yaradılacaq. İqtisadiyyatın yeni mərhələsində davamlı inkişaf prioritetdir. Yəni, burada əsas məqsəd təkcə iqtisadi artım deyil, həm də sosial rifahın daha da yaxşılaşdırılmasıdır. Bu sahədə uğurlu praktikalar onu deməyə əsas verir ki, kiçik və orta sahibkarlıq iqtisadi inkişafın katalizatoru, hərəkətverici qüvvəsidir.
Qeyd edək ki, Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi yaxın, orta və uzunmüddətli perspektivdə 5 strateji hədəf müəyyənləşdirib. Birinci hədəf kiçik və orta sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılmasından ibarətdir. Bu hədəfə nail olmaq üçün görüləcək tədbirlər sırasında mərkəzləşdirilmiş kiçik və orta sahibkarlıq agentliyinin yaradılması var. Azərbaycanda hazırda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinə məsləhət, satış və digər xidmətlər göstərirlər, lakin beynəlxalq təcrübəyə əsasən, belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onlardan daha səmərəli istifadəyə və beləliklə, inkişafa daha yaxşı imkan yaradır. Birinci hədəfin prioritetləri sırasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqabət mühitinin gücləndirilməsi, bu sahədə fəaliyyət üçün icazə sənədlərinin əldə edilməsi sisteminin daha da asanlaşdırılması yer alır. Yeni iqtisadi modeldə sahibkarlıq klasterlərinin yaradılması da vacib şərtlərdəndir. Belə ki, əgər indiyədək Azərbaycanda mövcud olan sənaye parkları və məhəllələri dövlət tərəfindən dövlət vəsaiti hesabına yaradılırdısa, gələcəkdə xüsusi iqtisadi zonalar, sənaye parkları və məhəllələrinin infrastrukturunun özəl sektor tərəfindən özəl kapital hesabına yaradılması təşviq ediləcək. İkinci hədəf kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışından ibarətdir. Maliyyə resurslarına çıxış potensial artıma nail olmaq üçün əsas sürətləndirici amildir. Hədəfə nail olmaq üçün kiçik və orta sahibkarlıq subyektlərinin müflisləşməsi məsələləri üzrə ixtisaslaşmış məhkəmələrin, iflas reyestrinin yaradılması nəzərdə tutulur ki, nəticədə ölkədə iflas tempi qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq 4 faizə çatdırılacaq. Maliyyə risklərinin azaldılması üçün ölkədə kredit zəmanət fondunun yaradılması da nəzərdə tutulur. İkinci hədəfin prioritetləri sırasında əmlak məsələləri üzrə fəaliyyətin təkmilləşdirilməsi, lizinq və alternativ maliyyə alətləri bazarının inkişafı da var. Üçüncü hədəf kiçik və orta sahibkarlıq subyektlərinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılmasından ibarətdir. Ölkədə təklif olunan maliyyə məhsullarının təhlili göstərir ki, hazırda kiçik və orta sahibkarlıq subyektləri, əsasən, iki növ dəstək alətini əldə edə bilirlər. Bu alətlər ixracdan əvvəl və ya malın göndərilməsindən sonra təklif edilən kredit mexanizmləridir. Yaxın gələcəkdə beynəlxalq ticarətin maliyyələşdirilməsi üçün istifadə edilən xidmətlərin çeşidini və keyfiyyətini inkişaf etdirməklə, ölkədə sahibkarların beynəlxalq əməliyyatlardan əldə etdikləri gəlirlərinin əhəmiyyətli dərəcədə artımı gözlənilir. Prioritetlər sırasında ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının yaradılması da var. Dördüncü hədəf kiçik və orta sahibkarlıq subyektlərinin bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsindən ibarətdir. Qabaqcıl təcrübədə isə kiçik və orta sahibkarlığın inkişafında biznes inkubatrolarının əhəmiyyətli rolu şəksizdir. Həmin inkubatorlar profilindən asılı olaraq sahibkarlara müxtəlif çeşiddə xidmətlər təqdim edirlər. Azərbaycanda biznes inkubatorunun sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi görüləcək tədbirlərə daxildir. 2020-ci ilədək azı 5 yeni biznes inkubatorun yaradılması, həmçinin 25 startap və 3-5 model müəssisəsinin inkişafı nəzərdə tutulur. Beşinci hədəf isə milli innovasiya sisteminin təkmilləşdirilməsi və innovasiya strukturunun formalaşdırılmasından ibarətdir. Beləliklə, nəzərdə tutulmuş hədəflərin reallaşdırılması ilə kiçik və orta sahibkarlıq ölkə iqtisadiyyatında aparıcı sahələrdən birinə cevriləcək, əhalinin tələbatının yüksək səviyyədə ödənilməsinə imkan verəcək. Ölkəmizin ixrac imkanlarını genişləndirəcək. Budur başqalarına nümunə olacaq Azərbaycan gerçəkliyi.
Pünhan Əfəndiyev
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir