“Azərsun Holdinq” qiymətləri aşağı saldı
12:03 - 7 Aprel 2017 - Xəbər
Azərbaycanda ən böyük qida məhsulları istehsalsalçılarından biri olan “Azərsun Holdinq” bir neçə əsas ərzaq məhsullarının qiymətlərini aşağı salıb.
Ucnoqta.az xəbər verir ki, Holdinqin İctimaiyyətlə əlaqələr və Sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov “Marja”ya bildirdi ki, hökumət tərəfindən aparılan ardıcıl təsirli islahatlar və pul siyasəti nəticəsində iqtisadiyyatda sabitləşmə meylləri yaranmış, Azərbaycan Manatı ABŞ Dolları qarşısında möhkəmlənməyə başlamışdır. Bunu nəzərə alaraq əsas qida məhsullarından olan şəkər tozu, günəbaxan və qarğıdalı yağının qiymətləri aşağı salınmışdır:
“Ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarağıdalı yağına isə 250 manat endirim edilib. Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşmüşdür”.
Afiq Səfərov qeyd etdi ki, Dollar/Manat məzənnəsi daha da sabitləşdikcə, digər məhsulların da qiymətlərinin aşağı salınması davam etdiriləcəkdir.