Bakı sakinləri pəhriz saxlayırmı? – SORĞU

15:22 - 6 Aprel 2017 - Cəmiyyət

Novruz bayramı da bitdi. Bayramdan bizə xatirə qalan xoş emosiyalar və əlbəttə ki, artıq çəkidir. Bəs Bakı sakinləri pəhriz saxlayırmı? Saxlayırlarsa, hansı qidalardan imtina edirlər?

Oxu.Az xəbər verir ki, “ACT Azərbaycan” 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edib.

Rəyi soruşulmuş sakinlərin dörddə biri (28%) son 2 ildə bir neçə dəfə pəhriz saxladığını bildirib. Pəhriz saxlayanlar, əsasən sağlamlıq (50%) və gözəllik (44%) xatirinə nəfsini boğmaq məcburiyyətində qalıb. 6% respondent isə idman formasında qalmaq üçün pəhriz tutduğunu qeyd edib.

“Pəhriz tutarkən hansı qidalardan imtina edirsiniz?” sualına əsasən yağlı (61%), şirin (56%) və un məmulatları (46%) cavabları verilib.

Bəs paytaxt sakinləri özlərinə uyğun pəhrizi necə seçirlər? Sorğu nəticəsində məlum olub ki, pəhriz saxlayanların yarıdan çoxu (59%) hansı pəhrizi tutacağına özü qərar verir. 34% üçün isə həkim məsləhəti bu məsələdə daha önəmlidir. Pəhriz saxlayanların hər on nəfərindən biri (11%) dost-tanış məsləhəti və təcrübəsini əsas götürür.

Pəhriz heç də hər kəsə eyni cür təsir etməyib. Pəhriz tutanların tam yarısı tutduğu pəhrizin yaxşı təsirini çox gördüyü (59%) halda, 45% pəhrizin effektini az hallarda hiss etdiyini bildirib. 6% respondent pəhrizin çəkisinə heç bir təsir göstərmədiyini bildirib.

Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4,9%-dir. 


Xəbər xətti