Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Teruyuki Katorini qəbul edib. XİN-nin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Nazir Elmar Məmmədyarov Teruyuki Katorini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Teruyuki Katori iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadi, mədəni, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.
Nazir Elmar Məmmədyarov Yaponiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin təqdir edildiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.