Gömrükçülər qızılın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alıb

11:19 - 5 Aprel 2017 - Xəbər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Pekin-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən həmin şəxsin çantası təkrar yoxlanılıb.
Yoxlama zamanı, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan - 6 ədəd üzük, 2 cüt sırğa, 2 ədəd qolbaq, 2 ədəd kulon və 1 ədəd üzəri qaşlarla bəzəldilmiş kulonlu boyunbağı aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 123,38 qram olan və 750/999 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti