Fəaliyyət göstərdiyi 20 il ərzində daima Azərbaycan Respublikasının prioritetlərini dəstəkləyən Milli Şura öz strategiyası çərçivəsində tərəfdaşları və üzvü olan gənclər təşkilatları ilə birgə yerli və beynəlxalq səviyyədə tədbir və proqramların həyata keçirilməsini təmin etmişdir. Dünyanın aparıcı gənclər platformalarında təmsil olunan Milli Şura bu platformalarda Azərbaycanın maraqlarının qorunması, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyətini qurmuşdur. Bunları nəzərə alaraq və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsini təmin etmək üçün Gənclər Təşkilatları Milli Şurası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Elçilər” Proqramına start verir.
Proqramın əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.
“Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramının məqsəd və hədəflərinə çatmaq və proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb. Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik.
Belə ki, “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçiriləcək təlim və seminarların iştirakçısı olacaq. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçiriləcək. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və unudulmaz təcrübə əldə etmək imkanı qazanacaqlar.
Proqramın iştirakçılarının seçimi 3 mərhələdən ibarətdir: onlayn ərizənin təqdim olunması, müsabiqə və müsahibə mərhələsidir. Seçim mərhələlərindən uğurla keçən şəxslər proqramda iştirak haqqı qazancaqlar. Proqramın fəaliyyətinin 80%-ində iştirak edən gənclər şəhadətnamə və tövsiyyə məktubu ilə təltif olunacaqlar. Proqramda iştirak haqqı qazanan gənclər ilkin olaraq ölkə ilə bağlı siyasi, iqtisadi və mədəni sahədə, həmçinin, beynəlxalq nəzakət və protokol qaydaları mövzularında maariflənəcək və beynəlxalq tədbirlərdə iştirak edərək Azərbaycan reallıqlarının düzgün şəkildə dünyaya çatdırılmasında fəal iştirak edəcək.
“Gənc Elçilər” proqramına qoşulmaq üçün gənclər 5 aprel tarixinə qədər www.ambassadors.nayora.az ünvanına daxil olub qeydiyyatdan keçə bilər.
Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. Bu günə qədər Milli Şuranın dəstəyi ilə gənclərin dünyanın 19 ölkəsinə səfəri təmin olunub və dünyanın 18 ölkəsi ilə ikitərəfli əməkdaşlıqlar qurulub. Milli Şura Avropa Şurasının gənclər proqramları vasitəsi ilə Avropanın 44 ölkəsi ilə əlaqələrin qurulmasına və Avropa Gənclər Forumu çərçivəsində 35 ölkə ilə əməkdaşlığa nail olub. Dünya Gənclər Asambleyası vasitəsi ilə dünyanın 90 ölkəsi ilə, "Pan-Afrika" Gənclər Birliyi vasitəsi ilə 48 ölkə ilə əlaqələr qurulub. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik Milli Şura BMT-nin Gənclər Proqramları çərçivəsində isə 4 ölkə ilə əməkdaşlıq edir.