“Keçən il 1-4 aprel döyüşləri və o döyüşlər nəticəsində əldə olunan qələbə Azərbaycanın müstəqillik dövründə ordumuzun ən uğurlu qələbəsidir”. APA-nın məlumatına görə, bunu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olan baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.Ə. Həsənov deyib ki, bu qələbə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında əldə edilib: “Artıq qələbədən 1 il ötür. Biz adətən, hər il işğal altında olan rayonlarımızın işğal gününü qeyd edirik. İşğal gününü qeyd etməyimizin ideoloji mənası var, yəni dünya ictimaiyyətinə bir daha torpaqlarımızın işğal altında olduğunu çatdırırıq. Digər tərəfdən, insanlarımız bir sıxıntı keçirirdilər ki, işğal günü yığışırıq, qeyd edirik. Ancaq xoş məqamdır ki, bu gün işğal gününü qeyd etmirik, azad edilən bir kəndin ərazisindəyik. Bu kənddə yaşamaq üçün imkan yaranan kimi Azərbaycan prezidenti kəndin bərpası haqqında sərəncam verdi və burada sürətlə tikinti işlərinə başlandı. İlkin olaraq 50 ev, bir məktəb tikilir. Eyni zamanda Cocuq Mərcanlıda Şuşa məscidinin analoqu olan bir məscidin də tikintisi başlanıb”. Baş nazirin müavini Cocuq Mərcanlıda aparılan tikintinin digər məcburi köçkün qəsəbələrin tikintisindən fərqli olduğunu qeyd edib: “Bütün qəsəbələr prezidentin ayırdığı vəsait və şəxsi nəzarəti altında tikilib. Ancaq geri qayıdışın ilk qaranquşu olan bu kəndin bərpası xüsusən prezidentin şəxsi nəzarəti altındadır. Mütəmadi olaraq, kəndə aparılan tikinti işləri ilə bağlı prezidenti məlumatlandırırıq. Bu kəndin tikintisi, qayıdış prosesinin başlaması ilə əlaqədar nəinki məcburi köçkünlərdə, ümumən xalqımızda böyük ruh yüksəkliyi var. Azərbaycanda hara gedirsən, Cocuq Mərcanlı deyirlər. Nəinki Azərbaycanda, artıq bütün dünyada Cocuq Mərcanlı ifadəsi işlədilir. Bu, Azərbaycan prezidentinin apardığı xarici, ideoloji siyasətin konkret nəticəsidir ki, azad olunmuş bir kəndin bərpası bütün dünyaya səs salıb”.