“Azərbaycan BP şirkəti üçün mühüm və əsas regiondur”. Bunu Böyük Britaniyanın neft-qaz şirkəti olan BP-in baş icraçı direktoru Robert Dadli “Petroleum Intelligence Weekly”yə müsahibəsində deyib. O qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənməsi üzrə müqavilənin 2050-ci ilədək uzadılması ilə bağlı tərəfdaşlar arasında niyyət protokolu imzalanıb. BP-nin baş icraçı direktoru yaxın zamanlarda “Azəri-Çıraq-Günəşli” yatağı üzrə müqavilənin uzadılacağına əmin olduğunu bildirib.
“Yaxın zamanlarda bu müqavilənin detalları işlənib hazırlanacaq. Hesab edirəm ki, bu il “Azəri-Çıraq-Günəşli” üzrə müqavilənin uzadılacaq. Hazırda qüvvədə olan müqavilənin müddəti 2024-cü ildə başa çatır. Heç kim müqavilə müddətinin sonunadək işlərin sürətinin azalmasını istəmir. Ümid edirəm ki, bu il SOCAR və partnyorlar müqavilənin müddətinin uzadılması barədə razılığa gələcək. Bu, Azərbaycan hökuməti tərəfindən çox uzaqgörən bir addım olacaq”, - deyə R.Dadli vurğulayıb.
R.Dadli “Şahdəniz” qaz yatağının işlənməsi layihəsi ilə bağlı görülən tədbirlərə də toxunub: “Layihə üzrə tədbirlər qrafikdə nəzərdə tutulan vaxtdan əvvəl icra olunur. Hazırda Türkiyə və Yunanıstanda işlər görülür”. O, indiki qaz qiymətləri fonunda layihənin iqtisadi faydasından da danışıb. Apa