Bu gündən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər (vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər) tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.
Vergilər Nazirliyindən verilən məlumata görə, elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya biləcəklər.
“Onlayn rejimdə” - vergi ödəyicisi, "Asan İmza"dan istifadə etməklə İnternet Vergi İdarəsinin (https://www.e-taxes.gov.az/) “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olur və “onlayn” rejimdə elektron qaimə-fakturasını tərtib edərək digər vergi ödəyicisinə təqdim edir.
“Oflayn rejimdə” - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını (“Elektron Faktura Tərtibatı Proqramını” – eFP versiya 1.1.3 (https://www.e-taxes.gov.az/dispatcher?menu=evhf&submenu=4&nav=evhf)) və digər zəruri proqramları “İnternet Vergi İdarəsi”ndən (https://www.e-taxes.gov.az/) öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını “Asan Doc” proqramı vasitəsilə imzalayır. Sonda "Asan İmza"dan istifadə etməklə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olur və imzalanmış “adoc” faylını müvafiq menyunu seçməklə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən fakturalara avtomatik olaraq unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir. Bundan sonra bütün digər əməliyyatlar “onlayn” rejimdə aparılır. Bu rejim əsasən iri vergi ödəyiciləri üçün nəzərdə tutulub və çox sayda elektron qaimə-fakturaları təqdim edən vergi ödəyiciləri tərəfindən istifadə edilməsi tövsiyə olunur.