Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində Rusiya, Ukrayna, Gürcüstan və sair ölkə teatrlarının iştirak etdiyi ənənəvi beynəlxalq teatr festivalına qatılıb. Bu barədə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib.
Gəncə teatrının aktyorları festivala Əməkdar artist Novruz Cəfərovun quruluşunda Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "İyirmi ildən sonra" əsərinin tamaşası ilə qatılıblar. Tamaşada baş rollarda Xalq artisti Pərvanə Qurbanova və rejissorun özü, Əməkdar artist Novruz Cəfərov çıxış edib.
18 - 27 mart arası davam edən festivalın yekunlarına görə Gəncə teatrının kollektivi xüsusi priz və diplomla mükafatlandırılıb.
Onu da qeyd edək ki, Əli Əmirlinin 1994-cü ildə qələmə aldığı bu əsər ilk dəfə Dövlət Gənclər Teatrında istedadlı rejissor Hüseynağa Atakişiyevin quruluşunda tamaşaya qoyulub.