Azərbaycanda son 14 ildə 30 əfv sərəncamı imzalanıb. "Report"un xəbərinə görə, bu barədə "Azərbaycan" qəzetində məlumat verilib. Məqalədə xatırladılıb ki, bu il martın 16-da, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev növbəti əfv sərəncamı imzalayıb. Bu, dövlət başçısının son 14 ildə imzaladığı sayca 30-cu əfv sərəncamı olub. Sonuncu sərəncam 423 nəfərə şamil olunub. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib. Bundan öncə imzalanan əfv sərəncamları adətən ən çox halda 150 nəfərə yaxın məhkuma şamil edilirdi.