Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov DÇ-2018-in Almaniyaya qarşı oyunundan (1:4) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Rəşad, üzüldüyün, sevindiyin məqamlar hansılardır?
- Sevindirici hal budur ki, uşaqlar bu gün rəqibdən çəkinmədilər. Düzdü, ilk 10 dəqiqədən həyəcan var idi, amma sonradan çalışırdıq futbol oynayaq, oyunu çirkinləşdirməyək, hücumlar quraq. Ümumilikdə, oyun pis keçmədi. Bəlkə də hücum baxımından yaxşı oyunlarımızdan birini oynadıq. O ki qaldı buraxdığımız qolllara və nəticəyə, sırf rəqibin ustalığı öz sözünü dedi. Rəqib səhvlərimizdən çox yaxşı istifadə elədi. Bunu bilirdik, amma qarşısını ala bilmədik.
- Buraxdığınız ikinci qoldan hansı hissləri keçirdin?
- Çox təəssüf hiss idi. Çünki ilk hissə heç-heçə ilə bitsəydi, rəqibin düşərgəsində bir qədər gərginlik hiss olunacaqdı. Bizim qolumuzdan sonra əsəbləşdilər, biri-digərinin üstünə qışqırırdı. Bu, bizim üçün sevindirici hal idi. İlk hissədə 1 qol fərqi ilə də geridə olsaydıq, ikinci hissədə nəyəsə ümid edə bilərdik. Amma üçüncü qol bütün şanslarımızın üzərindən xətt çəkdi.
- Bu gün ənənəvi künc zərbəsindən sonra yenə qapıya zərbə vurdun. Amma həmin epizodda topun rəqib müdafiəçinin əlinə dəydiyi düşünüldü...
- Yox, top rəqibin sinəsinə dəymişdi.
- Oyundan öncə 4 qol buraxacağınızı gözləyirdin?
- Almaniya elə bir rəqibdir ki, bu oyunda hər şey gözləmək olar. Almaniya Braziliyanın qapısında 7 qol vuran komandadır. Hər şey ola bilər, hesab kiçik də, böyük də ola bilərdi. Almaniya yeganə komandalardan biridir ki, kollektiv futbol oynayır. Bu tip komandalara qarşı oynamaq olduqa çətindir və belə oyunlara proqnoz vermək asan məsələ deyil.
- Renat Dadaşovun meydanda olacağını gözləsək də, adı oyunun iştirak ərizəsinə daxil edilməmişdi. Kapitan kimi bu məsələyə münasibətin necədir?
- Renat gənc futbolçudur. Məşqçimiz hansı futbolçunun meydana çıxacağını daha yaxşı bilir. Yəni, bu qərarı məşqçi verib.
- Azarkeş dəstəyi ilə bağlı nə düşünürsən?
- Azarkeşlərimiz qələbəyə layiq idilər. Çöx üzücüdür ki, onları sevindirə bilmədik. Düşünürəm ki, azarkeşlər meydanda əlimizdən gələni etdiyimizi görürdülər. Sadəcə, rəqibin ustalığı bundan artığına imkan vermirdi.
- Komandamızın qrupdan çıxma şanslarını necə dəyərləndirirsən?
- Əgər belə davam etsək, bir qədər oyunumuzu yüksəltsək və səhvlərimizi azaltsaq, nəyəsə ümid bəsləyə bilərik. Hamıya bəllidir ki, bizim üçün əsas Şimali İrlandiya ilə oyundur. Həmin oyun bizim üçün finala bərabər olacaq. Uşaqlar,məşqçimiz qrupdan çıxacağımıza inanırıq. Daha ürəklə oynamalıyıq ki, nəyəsə ümid bəsləyə bilək.
- Prosineçki futbolçulara matçdan sonra nə dedi?
- Prosineçki ilk hissənin sonunda çox əsəbi idi və uşaq səhvləri etdiyimizi dedi. Amma oyundan sonra dedi ki, yaxşı oynadız.
- Yəqin ki, ən çox danışılan Əfranın zəif oyunu idi...
- Əfran əla ötürmə verdi və üstündən iki dəqiqə sonra səhv etdi. Biz də o səhvin qarşısını ala bilərdik, amma sığortalaya bilmədik. Tək Əfranın səhvi oldu, deyə bilmərik.