Şimali Koreya ABŞ və Cənubi Koreya hərbi birləşmələrinin hazırda birgə həyata keçirdiyi “Foal Eagle” və “Key Resolve” hərbi təlimlərini qabaqlayıcı zərbə endirməklə hədələyib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Şimali Koreya Xalq Ordusunun Baş Qərargahı məlumat yayıb.
Baş Qərargah istənilən vaxt və xəbərdarlıq edilmədən Şimali Koreya xalqına qarşı xüsusi əməliyyat hazırlığına cəlb edilən ABŞ və Cənubi Koreya hərbi hissələrinə öldürücü zərbə endirilə biləcəyini bəyan edib.
Qeyd edək ki, martın 13-də ABŞ və Cənubi Koreya “Key Resolve” birgə komanda-qərargah təliminə başlayıb. Bu hərbi təlimdə məqsəd fövqəladə situasiyada Koreya yarımadasında ABŞ hərbçilərinin sayının artırılmasını nəzərdə tutur. Paralel olaraq martın 1-dən 3 min amerikalı hərbçinin də iştirakı ilə keçirilən “Foal Eagle” hərbi təlimində məqsəd Şimali Koreyanın raket və nüvə bazalarına zərbə endirilməsinə hazırlıqla bağlıdır.