Almaniya millisi dünya çempionu olmasına baxmayaraq, sabah onları asan oyun gözləmir. Ucnoqta.az AzərTac-a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Almaniya yığması ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. Azərbaycan yığma komandasının oyuna hazır olduğunu qeyd edən baş məşqçi deyib: “Bir həftədir toplanışdayıq. Hazırlıq prosesindən razıyam. Lazımi məlumatları futbolçulara çatdırmışıq və əlimizdən gələni edəcəyik. Start heyətində Kamran Ağayev, Maqomed Mirzabekov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev yer alacaqlar. Rəqibi təhlil etmişik. Almaniya millisi dünya çempionu olmasına baxmayaraq, sabah onları asan oyun gözləmir. Futbolçularımın fiziki durumundan həmişə razı qalmışam. Komandamızın sabah da əlindən gələni edəcəyinə əminəm. Müəyyən problemlərimiz var. Namiq Ələsgərov zədəli olduğu üçün sabah meydana çıxa bilməzdi. Maksim Medvedevin fiziki durumu oynamasına imkan vermir. Ruslan Abışovla bağlı nəsə etməyə çalışsaq da, o, zədəsi ilə əlaqədar olaraq, Almaniya yığması ilə görüşü buraxacaq”. Almaniya yığma komandasının qrupun ən güclü komandası olduğunu deyən millimizin üzvü Rəşad Sadıqov bildirib: “Almanlar bunu nəticələri ilə sübut ediblər. Görüşə həmişə olduğu kimi, ciddi yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, sabah maraqlı oyun olsun və yaxşı nəticəyə imza ataq. Rəqib hərtərəfli, yaxşı komandadır. Bəzi komandalar uzun ötürmələrdən və ya atletik oyundan istifadə edir. Amma Almaniya yığması hərtərəfli komandadır. Almaniya yığması səhvləri bağışlamır. Sabahkı oyun barədə çox danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdır”. Azərbaycan yığma komandasının daha bir üzvü Rahid Əmirquliyev isə rəqib barədə danışarkən deyib: “Rəqibimiz güclü komandadır, dünya çempionudur. Oyuna yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik. Mən də çox danışmağa ehtiyac duymuram. Sabah meydanda özümüzü göstərməliyik. Azarkeşin olması bizim üçün əlavə motivasiyadır. Rəqib hər dəfə bu qədər fanat önündə oynayır. Bu mənada bu, bizim üçün daha böyük stimuldur. Çalışacağıq ki, azarkeşlərimizi məyus etməyək”.