Neft qiymətlərinin stabilləşməsi hesabına cari ildə Azərbaycanın dövlət büdcəsinin saldosunda müsbət dinamika müşahidə olunacaq. "APA-Economics" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, qəbul olunması nəzərdə tutulan yeni büdcə qaydası ortamüddətli perspektivdə büdcə xərclərinin azaldılmasına səbəb ola bilər: "Büdcə kəsirinin böyük hissəsi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri hesabına örtülür. 2015-2016-cı illərdə dollarda olan aktivlərin dəyərinin azalmasına baxmayaraq, ötən ilin sonuna onların həcmi ÜDM-in 92%-nə (33,1 mlrd. dollar) bərabər olub ki, bu da komfort səviyyəsi hesab olunur. Bununla yanaşı, ARDNF-in vəsaitləri daha likvid aktivlərə yönəldilib ki, bu da dövlət borcunu nəzarət altında saxlamağa imkan yaradır. 2016-cı ilin sonuna Azərbaycanın dövlət borcu ÜDM-in 22,5%-nə bərabər olub. "BB" reytinqinə malik olan ölkələr qrupu üçün bu göstərici maksimum 51,1% ola bilər. Hərçənd dövlət borcunun valyuta baxımından tərkibi qeyri-qənaətbəxşdir. Belə ki, 2016-cı ilin sonuna borcun 88,2%-i xarici valyutada ifadə olunub".
Agentliyin mütəxəssisləri xatırladır ki, 2016-cı ilin sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları tarixi minimumu yeniləyərək 3,9 mlrd. dollar səviyyəsinə enib. Qeyd edək ki, 2014-cü ildə valyuta ehtiyatlarının həcmi 13,8 mlrd. dollar təşkil edib.
2017-ci ilin əvvəlindən üzən məzənnə rejiminin tətbiqinə keçilməsinə toxunan "Fitch" qeyd edir ki, manatın volatilliyi milli valyutaya inamın itməsinə səbəb olur.