Tarif Şurası noyabrın 28-də kommunal xidmətlərin bahalaşması ilə bağlı qərar verib. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Təbii qazın qiyməti bu cür müəyyənləşdirildikdən sonra isə qaz qızıla dönüb yoxa çıxıb. Əksər ərazilərdə bu yoxluğa bir elanla rəsmi don geydirilir. Az qala hər gün paytaxda təmir işləri ilə bağlı təbii qazın verilişində məhdudiyyət olacağı bildirilir. Əgər bu əvvəllər hansısa qəsəbə və ya küçələri əhatə edirdisə, indi paytaxtın bütün rayonları gün ərzində qaza həsrət qalır. Bu da bir yana, bölgələr, ölkənin digər şəhərlərində də təbii qazın verilişindəki məhdudiyyətlər günlərlə davam edir. Əslində Azərbaycanın kifayət qədər qaz ehtiyatı var və qaz ixrac edən dövlətdir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın İstiPress-ə verdiyi məlumata görə, ölkə əhalisinin təbii qaza olan ehtiyacı xaricə ixrac ediləndən qat-qat azdır. “Orta hesabla ARDNŞ ildə 10 milyard kubmetr qaz satır, bunun cəmi 3 milyarda yaxınını əhaliyə verir. Yəni Azərbaycanda əhali ildə yalnız 3 milyard kubmetr qaz işlədir. Bunun 2 milyard kubmetri isə BP tərəfindən pulsuz verilən səmt qazıdır”.
Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov İstiPress-ə bildirib ki, ölkədə təbii qazla təminata nəzarət edən 5 dövlət orqanı var: “Azəriqaz” İB, Qaz Nəzarəti Müfəttişliyi, Qaz Nəzarəti İdarəsi, Yanğından Mühafizə İdarəsi və Energetika Nazirliyi. Amma bu qədər qurum heç bir iş görə bilmir. Nəzarətsizlikdən isə əhali əziyyət çəkir. Ekspert təbii qazın verilişindəki problemlərin bir neçə səbəbinin olduğunu deyir. Əvvəla məhdudiyyətlər pfrofilaktik işlərlə bağlıdır və bu aparılmalıdır: “Hazırda Azərbaycanda abonentlərin sayi 1.5 milyonu keçib. Ölkədə qazlaşdırma 30-cu illərdə aparılıb. Artıq həmin boruların işləmə müddəti başa çatıb. Onların ciddi yoxlama və təmirə ehtiyacı var. Gündəlik tətbiq edilən məhdudiyyətlər bunula bağlıdır.”
"Ölkədə təbii qazla təminata nəzarət edən 5 dövlət orqanı var, amma əhali əziyyət çəkir"
Qazin verilişi zamanı təzyiqin həddindən artıq aşağı olmasınını səbəbi isə mövcud olan qurğuların günün tələblərinə cavab verməsidir: “Təzyiq çox aşağıdır. Ölkədə birdən-birə havalar soyudu. "Azəriqaz"da isə yeni texnologiya ilə işləmirlər. Köhnə təsərrüfatdır və bunula avtomatik tənzimləmə aparmaq olmur. Ona görə də təzyiq bu cür aşağı olur. Belə hal olduqda vətəndaşlar müraciət edib, mütəxəssisi dəvət edib, təzyiqi tənzimləməsini tələb etməlidirlər”.
Nüsrət Qasımov onu da bildirdi ki, Azərbaycanda qaz təsərrüfatı üçün 130 mm su sutunu təzyiq optimal təzyiq sayilir. Amma bütün ərazilərdə qaz bu təzyiqlə verilmir.
"Azəriqaz" İB-də isə yaranana məhdudiyyətlərin zərurətdən yarandığını bildiriblər. Birliyin İctimayətlə Əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev İstiPress-ə açıqlamasında bildirib ki, qurumda tədbirlər planı hazırlanır və ona uyğnu olaraq işlər icra olunur: "Bu gün qaz təchizatı sisteminin böyük bir hissəsi sovet dövründən qalmadır. Düzdür 2009-cu ildən 2017-ci ilin bu gününə kimi minlərlə kilometr qaz xətti yenilənib. Amma yenə də köhnə xətlər kifayət qədərdir. Bu ərazilərdə baş verə biləcək fəlakətlərin qarşısını almaq üçün təmir-yenidənqurma işləri davam etdirilir. Qaz borulari dəyişdirilir, borular üzərindəki qaztənzimləyici qurğular yenilənir. Bu zaman da təbii olaraq həmin ərazilərə verilən qaz məhdudlaşdırılır. Amma həmin işlər qısa müddət davam edir və günün sonuna qədər qazın verilişi bərpa olunur."
İbrahim Kərbalayev qazın təzyiqinin aşağı olması hallarının da mövcud olduğunu, amma bunun kütləvi deyil lokal xarakter daşıdığını bildirdi: "Ola bilər ki, hansısa binada və ya fərdi yaşayış evində qazın təzyiqi aşağı olsun. Bu havaların dəyişməsi ilə bağlı təbii qaza olan ehtiyacın artması səbəbindən yaranır. Belə olduqda abonentlər "Azəriqaz"ın 104 və 185 saylı qaynar xətlərinə müraciət etsinər. Əməkdaşlar dərhal əraziyə göndərilir və tənzimləmə işləri aparılır."
Qurum rəsmisi qeyd etdi ki, bu gün əhalinin təbii qaza olan ehtiyacı gündəlik 1.5 milyon kubmetrdir. Ay ərzində bu göstərici 30 milyon kubmetdən çox olur. Yayda isə bu rəqəmlər 2 dəfə aşağı olur.