Futbol üzrə Şimali İrlandiya milli komandasının iyunun 10-da Azərbaycan yığması ilə Bakıda keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq planını indidən müəyyənləşdirib. "Report"un məlumatına görə, britaniyalıların Bakıya səfəri öncəsi yoldaşlıq görüşü və iki təlim-məşq toplanışı olacaq. Komandanın baş məşqçisi Maykl O Nil bildirib ki, yoldaşlıq görüşündəki rəqib Yeni Zelandiya millisi olacaq. Qarşılaşma iyunun 2-də Belfastdakı "Vindzor Park"da keçiriləcək. Britaniyalıların baş məşqçisi Maykl O Nil görüşün əlverişli vaxta təsadüf edəcəyini bildirib. Təcrübəli mütəxəssis "ağ qvardiyaçılar"la matçın komandasına Bakıya səfər öncəsi oyunçuları hazır vəziyyətə gətirməkdə kömək edəcəyini vurğulayıb: "Futbolçularımızdan çoxu üçün mövsüm aprelin sonlarında başa çatacaq. Onların oyun keçirməyə ehtiyacları olacaq. Biz də bundan ağılla faydalanaraq, mümkün qədər çox futbolçunu sınamaq imkanı qazanacağıq. Yeni Zelandiya ilə görüş Azərbaycana səfər öncəsi fiziki və taktiki hazırlığı stimullaşdıracaq".
48 yaşlı mütəxəssis təlim-məşq toplanışlarına Yeni Zelandiya ilə oyundan sonra xaricdə keçirəcəklərini vurğulayıb. O, hələlik toplanış məkanlarının müəyyənləşmədiyini, amma futbolçuların belə hazırlıq prosesindən zövq alacaqlarını bildirib.
Qeyd edək ki, Yeni Zelandiya yığması iyunun 17-də Rusiyada start götürəcək Konfederasiyalar Kubokunda Rusiya, Portuqaliya və Meksika yığmaları ilə eyni qrupda yer alıb. Bu komanda turnirə yollanmamışdan öncə Şimali İrlandiya ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycan millisinin britaniyalılarla görüşü isə "Bakcell Arena"da baş tutacaq. C qrupunda 4 turdan sonra Şimali İrlandiya və Azərbaycan yığmaları hərəyə 7 xalla 2-3-cü yerləri bölüşür.