Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib

16:37 - 10 Fevral 2017 - MEDİA

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib. Şuradan ucniqta.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəliyi elan edib. Gündəliyə iki məsələ daxil olunub - MŞ-nin 2016-cı ildə gördüyü işlərə dair hesabat və İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına MŞ-dən namizədlərin müəyyənləşdirilməsi. Gündəlik səsə qoyulub və yekdilliklə qəbul edilib. 
Öncə MŞ sədri Əflatun Amaşovun Şuranın 2016-cı ildə gördüyü işlərə dair hesabat məruzəsi dinlənilib. Sədr bildirib ki, ötən il Şuraya 686 müraciət qeydə alınıb. Onlardan 322-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Ayırı-ayrı vətəndaşlardan 118, dövlət idarə, müəssisə və təşkilatlarından 91, özəl müəssisələrdən 78, özünüidarəetmə orqanlarından 16, ictimai qurumlardan 19 şikayət daxil olub. 

Şura Katibliyi 322 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 184 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 138 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib. 

2016-cı ildə Şuraya daxil olan şikayətlərin 138-nə komissiyalarda baxılıb. Bunlardan 90-ı Şikayətlər üzrə Komissiyada, 48-i “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılıb. 

Şikayətlər üzrə Komissiyada baxılan 90 məsələdən 42-i komissiya səviyyəsində həllini tapıb. Digər 48 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. 

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 48 şikayətdən 18-i barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

Şuranın İdarə Heyəti 2016-cı ildə ümumilikdə 44 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 48 rəyindən 40-ı (8 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 18 təqdimatından 8-i əsas götürülüb.

2016-cı ildə şikayətlərin 51,9 faizi internet saytların fəaliyyəti ilə bağlıdır. Bu baxımdan ikinci yer 29,3 faizlə qəzetlərə məxsusdur. Şikayətlərin 14,8 faizində informasiya agentliklərinin, 4 faizində jurnalların fəaliyyətindən  narazılıq ifadə edilib. 

2016-cı ildə Mətbuat Şurasının “qara siyahı”sına ümumilikdə 10 KİV-in adı daxil edilib. 

MŞ dövlət sənədlərindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar 7 tədbir, jurnalistika və ictimai fikir tariximizlə bağlı 6 kitab təqdimatı, KİV-lərin və jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yubileyləri ilə bağlı 9 toplantı keçirib. 8 ahıl jurnalist evində ziyarət olunub. Şurada 10 xarici qonaq qəbul edilib. İdarə Heyətinin üzvlərinin xarici səfərlərinin sayı 6, MŞ-nin bəyanatlarının sayı 4-dür. Bundan başqa Şura 3 küçə aksiyasında monitorinq aparıb, ayrı-ayrı dövlət qurumları ilə birgə 5 müsabiqə təşkil edib ki, həmin müsabiqələrdə 45 jurnalist mükafatlandırlıb. Müxtəlif tematik toplantıların sayı isə 10-dur. 

 


Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib. 

İclasın gündəliyində duran ikinci məsələ ilə bağlı məlumat verən Ə.Amaşov bildirib ki, Mətbuat Şurası da İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına namizədlərini irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikasının Milli Məclisinin 15 mart 2005-ci il və 18 mart 2011-ci il tarixli qərarları ilə Şuranın namizədi olan Bakı Dövlət Universitetinin dekanı Cahangir Məmmədli Yayım Şurasında təmsil olunub. Onun səlahiyyət müddəti 18 mart 2017-ci il tarixdə başa çatır.

Müzakirələrdən sonra İdarə Heyətinin üzvləri - Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət və Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli İctimai Yayım Şurasının üzvlüyünə namizəd kimi təsdiqləniblər. Bununla bağlı yekun qərar Milli Məclis tərəfindən veriləcək. 


Xəbər xətti