Azərbaycan Dövlət Kukla Teatrının 85 illiyi qeyd olunub. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq artistləri Azərpaşa Nemət, Afaq Bəşirqizi, digər mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Nazir teatrın yaranma tarixindən danışıb: "Kukla Teatrları Festivalları ənənəsi əsası buradan başlayıb. Sevindiricidir ki, peşəkar və daima axtarışda olan Kukla Teatrımız var. bu teatrın əsas məqsədi uşaqlarda teatra sevgi və məhəbbət oyatmaqdan ibarətdir. Bu teatrın vəzifəsi həm də Azərbaycanın tarixini, ədəbiyyatını, nağıllarını yaşatmaqdır".
Tədbirdə teatrın əməkdaşlarına Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Teatr Xadimləri İttifaqının diplom və fəxri fərmanları təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Molla Ağa Bəbirli qoyub. Müxtəlif illərdə (1931-1941-ci illər), (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərib. Azərbaycan və rus dillərində tamaşalar təqdim edən teatra 1964-ci il aprelin 15-də dövlət statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.report