Bu gün Azərbaycanın Xalq artisti, kino və teatr aktrisası Səfurə İbrahimovanın 78 yaşı tamam olur. Oxu.Az xəbər verir ki, o, 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra dram dərnəyində çalışıb. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda onu Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət ediblər. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik Teatrın truppasına daxil olub. Səfurə İbrahimova səhnədə Kamalə, İnci (“Toy” və “Xoşbəxtlər”, Sabit Rəhman), Əsmər (“Alov”, Mehdi Hüseyn), Fernando (“Dəlilər”, Lope de Veqa), Gülnar və Tamara (“Vaqif”, Səməd Vurğun), Nazlı (“Ölülər”, Cəlil Məmmədquluzadə), Ofeliya (“Hamlet”, Vilyam Şekspir) və digər rolları ilə uğur qazanıb. Aktrisanın kino rolları arasında Telli (“Arşın mal alan”), Həbibə (“Qatır Məmməd”), Sevil (“Sevil”) və s. obrazları da məşhurdur. Safurə İbrahimova teatr sənətindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti (1 iyun 1974-cü il) və Xalq artisti (24 dekabr 2002-ci il) fəxri adları ilə təltif edilib. Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin “İblis” faciəsindəki Rəna roluna görə Dövlət mükafatı laureatıdır. SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı məhz Səfurə İbrahimova olub.