Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun Ləki-Malay mənzilində 10 km-lik yolun əsaslı təmirinə start verilib. Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri bir həftə davam edəcək.
Qeyd edək ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 198 km dəmir yolu əsaslı təmir olunub.