Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısını alıblar. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Tacikistan vətəndaşı Boltaeva Matluba Umarovna mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına bəyan etməyib. Ona məxsus olan qara rəngli kiçik həcmli çamadana rentgen aparatı vasitəsi ilə baxış keçirilərkən monitorda külli miqdarda olan qızıl-zinət əşyalarının təsvirləri görülmüşdür. M.U.Boltaeva gömrük əməkdaşı tərəfindən saxlanılmış və yoxlama otağına dəvət olunub.
Şəxsi yoxlama zamanı M.U.Boltaevanın üzərindən 1 ədəd qadın qol saatı, 1 ədəd qolbaq, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kolye-sırğa cütü dəsti, əl çantasından isə 2 ədəd kulon aşkar edilmişdir. Əl baqajının yoxlanılması zamanı isə 5 ədəd üzük-sırğa cütü dəsti, 2 ədəd kulon-üzük-sırğa cütü dəsti, 5 ədəd üzük, 3 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd kulon, 1 ədəd qadın qol saatı və 5 ədəd qadın qol saatının qolbaqları aşkar edilib. Aşkar olunan zərgərlik məmulatları hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının ümumi çəkisi 470.25 qramdır.
Faktla bağlı araşdırma aparılır.