"Fitch" beynəlxalq reytinq agentliyi "Azsığorta" ASC-nin Sığortaçının Maliyyə Gücü (İFS) reytinqini "B+" səviyyəsindən "B"-yə endirib.
Agentlik "Azsığorta" ASC-nin reytinqinin aşağı salınmasını şirkətin biznes profilinin zəifləməsi və 2017-ci ildə vəziyyətin önəmli dərəcədə bərpa oluna bilməyəcəyi ilə əsaslandırıb.
Reytinqin azaldılması, həmçinin şirkətin 2016-cı ilin III rübünün yekunlarına əsasən əməliyyat rentabelliyinin kəskin azalması ilə izah edib. Reytinq həm də şirkətin mənfəətinin böyük hissəsinin səhmdarlar arasında bölüşdürülməsini özündə əks etdirib.
Agentliyin məlumatına görə, 2016-cı ilin III rübündə "Azsığorta" ASC-nin məcmu sığorta daxilolmaları Azərbaycanda makroiqtisadi mühitin pisləşməsi fonunda illik müqayisədə 34% azalıb. Şirkətin portfelində ən gəlirli istiqamət olan yüklərin sığortalanmasından daxilolmaların xüsusi çəkisi 2015-ci ilin III rübündəki 28%-dən bu ilin analoji dövründə 4%-ə düşüb.