Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Döyüş şəraitinə maksimal yaxın vəziyyətdə həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin hazırlığı, praktiki bacarığı və döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.
Qəfil yoxlama çərçivəsində silahlanmada olan "İldırım" zenit-raket komplekslərinin də hazırlıq vəziyyətinə gətirilməsi və döyüş atışları icra edilib.
Praktiki atışlar zamanı şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində qanadlı raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən hədəflərin aşkarlanması və avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və hədəfin effektiv məhv edilməsi tapşırıqları uğurla həyata keçirilib. Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.
Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında yoxlamalar davam edir.