2016-cı ilin sentyabr ayına verilən məlumata görə son bir il ərzində Avrozonadan rekord həcmdə kapital axını baş verib. "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Mərkəzi Bankının (ECB) məlumatında deyilir. ECB-nin statistik hesabatına əsasən, bu, avrozona yaradılandan sonra ən iri həcmdə kapital axını olub. Belə ki, hesabat dövründə avrozona investorları xaricdə 497,5 mln. avro həcmində səhm və istiqrazlar alıblar. Qlobal investorlar isə avrozonada 31,3 mlrd. avroluq maliyyə aktivi satıblar. Beləliklə, xalis kapital axını 528,8 mlrd. avro təşkil edib. Nəticədə, USD/EUR məzənnəsi son 14 ilin minimal həddi olan 1,0350-yə qədər geriləyib. Analitiklər tezliklə avronun ucuzlaşaraq dollarla paritetə çatacağını ehtimal edirlər.
Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artıraraq 0,75%-ə çatdırması və 2017-ci ildə daha 3 dəfə artımla bağlı gözləntisinin olduğunu söyləməsindən sonra dollara tələbat ciddi şəkildə artıb. Avrozonada isə faizlərin 0 və mənfi diapazonda olması avrodan qaçışı sürətləndirib. Nəticədə, investorların ABŞ maliyyə aktivlərinə marağı yüksəlib.
Kanadanın "TD Securities" bankının analitiklərinin fikrincə, FES və ECB-nin monetar siyasətləri arasında fərqin getdikcə böyüməsi avroya təzyiqi, dollara isə marağı artırır: "Yeni ilin ilk aylarında avro dollarla paritetə çatacaq və hətta ondan da aşağı düşəcək".
FES-in uçot dərəcəsini artırmasından sonra ABŞ və Avrozonanın əsas iqtisadiyyatı olan Almaniya istiqrazları arasında fərq son 25 ilin maksimal həddinə çatıb. Belə ki, 10 illik ABŞ dövlət istiqrazlarının gəlirliliyi 2,566% olduğu halda, Almaniyanın analoji göstəricisi 0,27% təşkil edir.