İdman Araşdırmalar Mərkəzi tərəfindən ilin ən yaxşı yerli futbolçusu seçilən "Qarabağ" və milli komandamızın kapitanı Rəşad Sadıqov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb
- Bu il mənim üçün uğurlu oldu. Çempion olduq, kuboku qazandıq, Avropa Liqasının qrup mərhələsində mübarizə apardıq və milli komanda ilə DÇ-2018-in seçmə mərhələsində 7 xal topladıq. Düşünürəm ki, 2016-cı il mənim karyeramın ən uğrulu illərindən biri oldu. Bu ada bir neçə futbolçu layiq idi. Mənə səs verən, məni bu yerə layiq bilən insanlara təşəkkür edirəm. Hər bir idmançı istəyər ki, uğur əldə etsin. 34 yaşımda bu mükatafa layiq görülmək çox sevindirici haldır. Qurban Qurbanovun və Robert Prosineçkinin mənim üzərimdə çox böyük əməyi var.Etibar edirlər, güvənirlər. Bu, mənim üçün ən vacib amillərdən biridir.
- Səsvermədə kimə səs verdiniz?
- Çox futbolçular oldu. Məsələn, Qara Qarayev, Maksim Medvedev, Kamran Ağayev və Rəşad Sadiqov birinciliyə layiq futbolçulardı.
- Sənin fikrincə dünyanın ən yaxşı futbolçusu kimdi?
- Zövqdən hər şey asılıdır. Fikir ayrılığı da ondan irəli gəlir. Son dönəmlər Ronaldoya daha çox azarkeşlik edirəm. Uğurlar əldə etməsinə baxmayaraq, doymur, işinə davam edir. Sırf futbolçu kimi götürsək, Messini daha üstün tuturam. Ancaq son dönəmlərdə Ronadlo daha istəklidi. Onun uğurlar əldə etməsi boşuna deyil. Futbolçu kimi götürsəm, Messi daha yaxşı futbolçudu.
- İlin futbolçusu seçildin, millidə və klubunda uğurlar əldə etdin və azarkeşlərin hörmətini qazandın. Bütün bunları nəzərə alsaq, Rəşad Sadıqov günü-gündən cavanlaşır, yoxsa?
- Çox xoş haldı. Ağlıma gəlməzdi ki, 34 yaşımda ilin futbolçusu seçilərəm. Ardıcıl 5 dəfə ilin futbolçusu seçilmək çox önəmlidi. Ancaq bu dəfə ilin futbolçusu olacağımı gözləmirdim.
- Sənin üçün ilin ən unudulmaz anı hansıdır?
- Norveçlə oyun ilin ən kritik anlarından biri idi. “Hötbeborq”la oyun da unudulmazdı. Əgər həmin oyunda mərhələ adlamasaydıq, komandada böyük çoküş yaranacaqdı. Bu oyunlar mənim üçün ilin ən vacib oyunları idi.
- Çempionatın ikinci dövrəsi haqda nə deyə bilərsən? Nəzərə almaq lazımdır ki, sizi ən yaxın izləyicinizlə cəmi 1 xal ayırır...
- İlin son turunda qarşımızda çətin rəqib var idi. “İnter” “Qarabağ” və “Qəbələ”yə qarşı bu il keçirdiyi oyunlarda məğlub olmayıb. “İnter”lə matçda xeyli qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Bəzən elə oyunlar olur ki, qalib gəlirsən, amma oyundan həzz ala bilmirsən. “İnter”lə matçda xal itirsək də, oyundan sonra hamı razı idi. Mən xoşbəxtəm ki, meydanda yaxşı mübarizə getdi. Ağır oyunları nəzərə alsaq, qışa çempion kimi yollanmaq bizim üçün yaxşı nəticədi. Təbii ki, bizi yaxşı mübarizə gözləyəcək. Kim güclüdüsə, çempion olsun.
- Cari mövsümün ən ideal heyətini açıqlaya bilərsən?
- Çətin sualdı. Bu barədə heç düşünməmişdim. Cavab vermək üçün bir qədər düşünmək lazımdı.
- Milllimizin uğurlu çıxışının davamı növbəti ildə də gələ biləcək?
- Əlimizdən gələni edəcəyik.Şimali İrlandiya ilə oyun bizim üçün final olacaq. O oyundan xal götürə bilsək, davamını da gətirəcəyik.