“Gözlə məni” Rusiya səhnəsində

15:40 - 20 Dekabr 2016 - Mədəniyyət

Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissorunun səhnələşdirdiyi tamaşaya görə medallarla təltif olunub


Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov ötən gün Kalmıkiyadan əlidolu qayıdıb. Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, belə ki, rejissorumuz cari ilin noyabr ayında hazırlıqlarına start verilən yeni tamaşanı geniş ictimaiyyətə təqdim edərək, iki mükafatla Vətənə dönüb. 
Kalmıkiyanın görkəmli yazıçısı Sandji Balıkovun "Zalamca" povestinin motivləri əsasında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli tərəfindən qələmə alınan pyes əsasında hazırlanan tamaşa “Gözlə məni” (“Дождись меня”) adlanır. Səhnə əsərinin quruluşçu rejissoru baş rejissorumuz Bəhram Osmanov, bəstəkarı Kalmılkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyev, rəssamı Yelena Varovadır. 
Tamaşa məhəbbət və ayrılıq, ümid və gözləntiləri əks etdirir. Birinci Dünya müharibəsi, inqilab və vətəndaş müharibəsi fonunda iki sevən qəlbin “tale dramı” tamaşada canlanır. Varlı sahibkarın ərköyün qızı Zalamca ilə sadə kənd müəllimi Danzan Nostinovun məhəbbətindən bəhs edən, onların çətin sınaqlara məruz qalan həyatlarını əks etdirən tamaşanın premyerası 16 və 17 dekabr tarixlərində baş tutub. 
Tamaşada Respublikasının Əməkdar Artisti Vyaçeslav Xurqunov, Tamara Paltınova, Sandji Pursyakov, Marina Kikeyeva, Badma Püryeyev, Tatyana Zarayeva, aktyorlar Elza Bembeyeva, Yuliya Mudjiyeva, Baira Mandjiyeva, Oçir Erdneyev, Erencer Aveşkiyev, Burça Orqadıkov   iştirak ediblər. 
Uğurlu tamaşa və səhnə həllinə görə baş rejissorumuz iki medalla təltif olunub. “Kalmıkiya kazaklarının 25 illik yubileyi” və “Qallipoli” medalları 1992-ci ildə yaradılmış və qərargahı Moskvada olan ictimai təşkilat - Andrey Pervozvannıy adına Fond tərəfindən təqdim olunub. Bu Fondbir sıra mədəniyyət layihə və proqramları həyata keçirməklə Rusiyanın mədəni əsaslarının qorunması məqsədinə xidmət edir.  


Xəbər xətti