Bu gündən Azərbaycanda analoq televiziya yayımı tam dayandırılıb və rəqəmli yayıma keçilib

11:21 - 20 Dekabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycanda bu gündən etibarən son olaraq 14 rayonda analoq televiziya yayımı dayandırılacaq və beləliklə ölkə üzrə tam olaraq rəqəmli TV yayımına keçiləcək. Milli Televiziya və Radio Şurası (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov bildirib ki, dekabrın 20-də analoq yayımı həyata keçirən 330 televiziya ötürücüsünün sonuncuları da söndürüləcək: "Hazırda rəqəmli televiziya yayımını 145 TV ötürücüsü həyata keçirir. Amma bəzi ərazilərdə olan boşluğu aradan qaldırmaq üçün daha 45 ötürücü sifariş olunub. Onlar da quraşdırıldıqdan sonra ötürücülərin say 190-a çatdırılacaq. Bakı şəhərində 18, Abşeronda isə 20 rəqəmli televiziya ötürücüsü quraşdırılıb. Quraşdırılan rəqəmli televiziya ötürücüləri əsasən İtaliyadan gətirilib. Bundan başqa, Rusiya, Türkiyə, Baltikyanı ölkələr, az sayda olsa da Almaniya və Yaponiya şirkətlərindən də ötürücülər alınıb".

Dekabrın 20-də-son mərhələdə analoq yayımın dayandırılacağı rayonlar Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astaradır.

Qeyd edək ki, MTRŞ-nın qərarına əsasən rayonlarda analoq yayımın dayandırılması mərhələli şəkildə həyata keçirilib.

Birinci mərhələdə - 1 dekabr tarixdən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmazda, ikinci mərhələdə - 10 dekabr tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda analoq yayım dayandırılıb.

Bakı və Abşeronda isə analoq yayım noyabrın 1-dən etibarən dayandırılıb.  

Xəbər xətti