Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Əsgərzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, M.Əsgərzadənin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, M.Əsgərzadə vətəndaşlara özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki kimi təqdim edib. O, həmin şəxsləri işə düzəltmək və problemlərini həll edəcəyi vədi verib, onların ümumilikdə 15 min manatdan çox pullarını dələduzluq yolu ilə ələ keçirib. Zərərçəkmişlərin şikayətindən sonra M.Əsgərzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
M.Əsgərzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əsgərzadə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.