AMEA: "Əski erməni dilini bilən mütəxəssislərə ehtiyac var"

11:28 - 19 Dekabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasının ilkin təqdimatı keçirilib. MEK-in İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova bildirib ki, təqdimatları keçirməkdə məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan qədim tarixi kitablar barədə məlumatı geniş ictimaiyyətə çatdırmaqdır.

O təklif edib ki, AMEA-nın institutları MEK-də belə təqdimatların keçirilməsinə fəal dəstək olsunlar. L.İmanova kolleksiyadakı əski erməni dilində olan 881 nüsxə ədəbiyyatın araşdırılması üçün bu sahə üzrə mütəxəssislərin cəlb edilməsinin çox vacib olduğunu vurğulayıb: “Tarixi həqiqətlərin, Azərbaycanın mənafeyini əks etdirən tarixi faktların məhz erməni mənbələrindən tapılması ölkəmizin xeyrinə olan güclü təsdiqləyici vasitə olardı”.

Təqdimat Mərkəzi Elmi Kitabxananın Komplektləşdirmə və sistemləşdirmə bölməsinin əməkdaşı Mehri Həsənli tərəfindən keçirilib. O, 2015-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasına Tarix Muzeyi tərəfindən 4 598 kitab hədiyyə edildiyini bildirib. Təqdimatda Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasına daxil olan rus, şərq və əski erməni dilində olan mənbələr barədə məlumat verilib. Xarici dildə olan ədəbiyyatdan 2050 kitab işlənilməsi və elektron kataloqa salınması qeyd edilib.

Leyla İmanova İSƏ bildirib ki, Tarix muzeyinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi zəngin kolleksiyanın geniş ictimai təqdimatı 2017-ci ilin mart ayında AMEA-nın Milli Tarix Muzeyi, Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu və başqa institutlarının, eləcə də Türkiyə, İngiltərə, Almaniya, Fransa, Rusiya, Gürcüstan və başqa aidiyyəti olan səfirliklərin iştirakı ilə planlaşdırılır. 

Xəbər xətti