Bakı Apellyasiya Məhkəməsində Suriya ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Zöhrab Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
O, cinayət işinin məhkəmə istintaqı ilə aparılmasını istəyib. Vəsatət təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılacaq.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Zöhrab Mümbariz oğlunu şübhəli şəxs qismində tutulublar.
Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.
Müəyyən edilib ki, Z.Məmmədov və digər şəxslər 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən "İslam dövləti (İŞİD)" və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.
Z.Məmmədov Suriya ərazisindəki "Mühacir Ansar" adlı qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.