Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mövsümün ikinci uşaq tamaşasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, tanınmış şair və dramaturq Xanımana Əlibəylinin “Aycan” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası dekabr ayının 16-da saat 14.00-da baş tutacaq.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Olqa Şabanova, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Anar Seyfullayevdir. Yeni səhnə əsərində rəqslərin quruluşu Yelena Volkovaya məxsusdur.
Yeni səhnə əsərində rolları teatrın gənc və istedadlı aktyorları Asya Atakişiyeva, İradə Rəşidova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Nuranə Hüseynova, Xəyalə Meydanova, Müşfiq Əliyev, Ramiq Nəsirov, Natiq Fərzəliyev, Anar Səfiyev, Yusif Dadaşov, Aygün Fəətullayeva, Mehriban Hüseynova ifaedəcəklər.
Məlumat üçün bildirək ki, “Aycan” tamaşası ilk dəfə Dövlət Gənc Tamaşaçılar Teatrında 70-ci illərdə səhnləşdirilib. Bundan başqa müəllifin “Dovşanın ad günü” əsəri əsasında hazırlanmış tamaşa cari ilin yanvar ayında ikinci dəfə hazırlanaraq izləyicilərə təqdim olunub.
Yeni premyera ilə yanaşı, teatrda həftəsonu daha 5 maraqlı səhnə əsəri nümayiş etdiriləcək. Belə ki, dekabr ayının 17-də saat 12.00-da Pərvin Nurəliyevanın “Dəcəl keçi”, saat 15.30-da Mirzə Fətəli Axundzadənin “Hekayəti xırs quldurbasan”, saat 19.00-da Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, dekabr ayının 18-də saat 12.00-da Yevgeni Şvartsın “Qırmızı papaq”, saat 19.00-da Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşaları göstəriləcək.