Yağan güclü qar nəticəsində işıqsız qalan Lerik rayonunun 50-yə qədər kəndinə elektrik enerjisinin verilməsi hələ də mümkün olmayıb.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, dünən axşamdan başlayaraq cənub rayonlarına güclü qar yağır.
Gecə saatlarında havanın temperaturu 3 dərəcə şaxtadan 8-10 dərəcə şaxtayadək enib.
Lerik Rayon Fövqalədə Hallar Komissiyasından bildirilib ki, rayon mərkəzində qarın qalınlığı 10 sm, Piran ərazisində isə 25 sm təşkil edir. Yüksək ərazilərdə isə qarın hündürlüyü daha çoxdur. Küləyin elektrik təsərrüfatına vurduğu ziyan aradan qaldırılsa da, yenidən rayonun 50-dək kəndi işıqsız qalıb. Bu dəfə qarın yağması elektrik təsərrüfatında fasilələrin yaranmasına səbəb olub. Qarın ağırlığına tab gətirməyən dirəklər aşıb, naqillər qırılıb. Meşəlik ərazilərdən keçən xətlərin əksəriyyəti köhnə olduğundan, rayonun Vizəzəmin istiqamətində daha çox problemlər yaranıb.
Lənkəran-Lerik yolunda isə hərəkət hələ ki, normaldır. Buzlaşan ərazilərdə lazımi tədbirlər görülür.