Azərbaycan KİV təmsilçilərinin Türkiyə paytaxtına səfəri davam edir. Dekabrın 13-də nümayəndə heyəti Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) olub. Qurumun rəhbəri Alev Kılıç görüş iştirakçılarına AVİM-in fəaliyyəti və icra etdiyi layihələr barədə məlumat verib. O, AVİM-in fəaliyyətində Qafqaza və xüsusi olaraq Azərbaycana ciddi önəm verildiyini bildirib: “Azərbaycan Türkiyə ilə dost, qardaş ölkədir. Eyni zamanda, Azərbaycan Türkiyəni digər türk dövlətləri ilə əlaqələndirən strateji bir bağdır”.
KİVDF-nin icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Azərbaycan KİV-lərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan verən istənilən layihəni dəstəklədiklərini önə çəkərək, AVİM-lə əlaqələrin də inkişaf etdirilməsinin zəruriliyini bildirib.
Görüşdə çıxış edənlər Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.
Nümayəndə heyətinin növbəti görüşü TRT-də keçirilib. KİV rəhbərləri TRT-nin ofisi və texniki imkanları ilə tanış olub, planlaşdırılan layihələr barədə məlumatlandırılıblar. Görüş iştirakçıları arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Fondun icraçı direktoru V.Səfərli telekanal rəhbərliyinə həssas məqamlarda Azərbaycan xalqına və dövlətinə göstərdiyi yardıma, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında oynadığı rola görə təşəkkürünü çatdırıb.
Azərbaycan KİV təmsilçiləri dekabrın 13-də Ankarada “Atatürk movzeleyi”ni də ziyarət ediblər.
Səfər proqramı davam edir. Məlumat üçün bildirək ki, KİV təmsilçilərinin səfər proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Fondunun Müşahidə Şurasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Mediainfo.az” İnformasiya Agentliyinin baş redaktoru Emin Axundov, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov və Fondun aparıcı məsləhətçisi Ramin Kərimli daxildirlər.
Səfər proqramı dekabrın 16-dək davam edəcək. Nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.